Rusiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü hökumət istefa verəcək və yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.
Rednews.az xəbər verir ki, hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiyanın Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq. Vladimir Putin martın 15-17-də keçirilən seçkilər zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır. Beləliklə, hökumətin mayın 7-də istefa verəcəyi gözlənilir. Konstitusiyaya və "Rusiya Federasiyası Hökuməti haqqında" federal konstitusiya qanununa uyğun olaraq, hökumətin sədri namizədliyi Dövlət Duması tərəfindən təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.
Rusiya dövlət başçısı bunu andiçmə mərasimindən sonra iki həftə ərzində etməlidir. Dövlət Dumasının da prezidentin təklif etdiyi namizədi rədd etmək hüququ var. Bu halda prezident bir həftə müddətində yeni və ya rədd edilmiş namizədlə bağlı yenidən namizədin müzakirəsi üçün deputatlara təklif verir.