Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu 2024" keçiriləcək. 7-ci dəfə təşkil ediləcək Bakı Marafonunda iştirak üçün martın 1-dən qeydiyyat başlayıb. Artıq 1 ay ərzində 10 minədək şəxs növbəti marafonda iştirak üçün qeydiyyatdan keçib. Qeydiyyat aprelin 25-nədək Bakı şəhərinin ticarət mərkəzlərindəki ("28 Mall", "Gənclik Mall", "Dəniz Mall") qeydiyyat məntəqələrində və onlayn olaraq www.marathon.az saytı vasitəsilə davam edəcək.
Rednews.az xəbər verir ki, yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Rusiya, Türkiyə, Türkmənistan və digər ölkələrdən iştirakçılar da yer alıb.
Bu il də bir çox tanınmış şəxslər, incəsənət və idman sahəsində məşhurlar fəxri iştirakçı kimi Bakı Marafonuna qoşulacaq.