COP29-da Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq.
Rednews.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov bu gün jurnalistlər üçün keçirilən COP29 sədrliyinin ilk mətbuat konfransında deyib.
O bildirib ki, tədbir yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün geniş müzakirə və fəaliyyət platforması olacaq.
Azərbaycanın indiyədək bu istiqamətdə götürdüyü öhdəliklərin icrası baxımından yeni imkanların yaranacağına əmin olduğu bildirilib. Elnur Soltanov qeyd edib ki, Azərbaycanın rolu sadəcə ev sahibi mandatı ilə məhdudlaşmayacaq və ölkəmiz konfransdakı danışıqlara da rəhbərlik edəcək:
"Bu mənada bu ilin noyabr ayında bütün dünyanın diqqəti Bakıda olacaq".
Bildirək ki, COP29-un keçiriləcəyi yer məlum olub. Belə ki, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda baş tutacaq.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-25-də keçiriləcək.