Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
Rednews.az xəbər verir ki, Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin ölkəmizə keçməsi münasibətilə təbriklərini çatdıraraq, çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin təcrübəsinin olduğunu vurğulayıb. O, bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilməsini və fəaliyyətini, Qoşulmama Hərəkatında uğurlu sədrliyini, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rolunu qeyd edib.
COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirib. O, ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata keçirilməsindəki mühüm rolunu da xüsusi vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırladı və sədrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilata sədrliyin həyata keçirilməsi baxımından faydalı olduğunu bildirib.