Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Əziz Qənbərov Ali Məhkəmənin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova açıq məktub ünvanlayıb. O, özünün feyzbuk sosial şəbəkə hesabı vasitəsi ilə müdafiə etdiyi Vətən Müharibəsi iştirakçısına qarşı Tərtər Hərbi Məhkəməsi və Gəncə Apellyasiya Məhkəməsində haqsızlığa yol verildiyini qeyd edərək, həmin iş üzrə verdiyi kassasiya şikayətinə onun iştirakı təmin edilməklə İnam Kərimovun sədrliyi ilə ilkin müzkirə aparılmasını xahiş edir. Rednews.az həmin açıq məktubun tam mətnini təqdim edir^
AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN VƏ MƏHKƏMƏ HÜQUQ ŞURASININ SƏDRİ CƏNAB İNAM KƏRİMOVA
AÇIQ MƏKTUB
Hörmətli İnam müəllim!
Məni tanıyan hər kəs bilir ki, həqiqəti və haqqı deməkdən zərrə qədər geri durmamışam. Bəzi reallıqları nəzərə alaraq etiraf edim ki, hər hansı bir məsələ ilə bağlı açıqcasına haqqı deyə bilmədiyim məqam olsa da, həmin iş üzrə də haqsızlığa alət də olmamışam. Siz Ali Məhkəməyə təyin ediləndən və Məhkəmə Hüquq Şurasına sədr seçiləndən sonra Məhkəmə sistemində az müddətdə möhtəşəm islahatların şahidi olmuşuq. Bu hal məni sevindirir və 12.10.2022-ci il tarixdə verdiyim qərara (cinayət işlərinə çıxmamaqla bağlı) yenidən baxmağa həvəsləndirir.
Təvazökarlıqdan uzaq olsa da, öz peşəmi layiqincə yerinə yetirən və savadına güvənən bir vəkiləm, lakin 2022-ci ilin oktyabr ayından cinayət işləri üzrə insanların hüquqlarını müdafiə etməyi müvəqqəti olaraq dayandırmışam. Bunun da başlıca səbəbi bəzi məhkəmə "hakimlərinin" öz vəzifələrini ittiham aktını notariusun etibarnamə təsdiq etdiyi kimi təsdiq etməsi ilə bağlı olmuşdur. Həmin hakimlər öz vəzifələrinə hörmətsizliklə bərabər, onları bu vəzifəyə təyin edən cənab Prezidentimiz qarşısında olan məsuliyyətlərini də dərk etmirlər. Ona görə də mən 12.10.2022-ci il tarixdən icraatımda olan köhnə cinayət işləri istisna olmaqla heç bir cinayət işinə çıxmamışam.
Qeyd etdiyim kimi, köhnədən icraatımda olan bir-iki cinayət işləri var ki, həmin işin biri də 24.04.2024-cü il tarixdə Ali Məhkəməsinin Cinayət Kollegiyasında baxılacaqdır. Həmin işin nömrəsi 1-1(102)-18/2024-dür. Sözügedən iş hərbi cinayətlər kateqoriyasına aiddir. Mən həmin işi istənilən özünəgüvənən hüquq alimi, savadlı vəkil, hakim ilə diskusiya etməyə və müdafiə etdiyim şəxsə verilmiş ittihamın haqsız ittiham olmasını sübut etməyə hazıram. O zaman sual edəcəksiniz ki, buyur, Məhkəmədə sənə geniş imkanlar yaradılacaq hakimləri inandır və sübut elə. Ona bəri başdan cavab olaraq bildirirəm ki, atalarımız yaxşı deyib ki, "PİR MƏNİMDİR, KƏRAMƏTİNƏ BƏLƏDƏM". Ali Məhkəmənin Cinayət Kollegiyasına, ümumiyyətlə, cinayət kollegiyalarının kəramətinə bələd olan vəkil kimi, narahatçılığımın səbəbi şablon məhkəmə prosesi keçirilməsindən ibarətdir.
Qeyd etdiyim kimi, həmin iş hərbi cinayətlər kateqoriyasına aid olduğu üçün detallı şəkildə burada qeyd edə bilirəm. Sizdən xahiş edirəm, həmin işi nəzarətə götürəsiniz. Mənim kassasiya şikayətimi özünüzün şəxsi nəzarətinizlə müzakirəsini təşkil edəsiniz. Mənim kassasiya şikayətində qeyd etdiyim ziddiyyətlərin iki instansiya məhkəməsində nəzərə alınmamasını öz gözlərinizlə görəcəksiniz. Nəticə barədə mənə heç bir məlumat vermədən müzakirədə iştirakımı təmin edərək məni ilk öncə dinləməyinizi və məni dinlədikdən sonra mənim iştirakım olmadan müzakirələri davam etdirsəniz şad olaram. Məni narahat edən əsas məqamlardan biri də MƏHKƏMƏ TARİXİNƏ QARA LƏKƏ KİMİ DÜŞƏN "TƏRTƏR İŞİNƏ" BAXAN TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ BU İŞİ ARAŞDIRMIŞDIR. Həmin hökmlər üzrə iş Ali Məhkəməyə kimi baxılmış və yekun qərar qəbul edilmiş olsa da, sonradan ictimailəşəndən sonra yeni hallar üzrə işə baxılmış və bir neçə nəfərin də bəraət almaları hər birimizə məlumdur.
Hörmətli İnam müəllim!
Qoca ata-ananın bir oğul övladı, Vətən Müharibəsi iştirakçısı olan bir Qazinin günahsız yerə həbsinə göz yummayacağınıza, mənim bu açıq məktubuma biganə qalmayacağınıza əminəm. Həm vəkil, həm də Tanrıya inanan insan olaraq mən öz vəzifəmi layiqincə yerinə yetirərək hüquqi müdafiə vasitələrindən əlavə açıq məktubla Sizə müraciət edərək bu iş üzrə vicdanımın son vəzifəsini yerinə yetirmiş oldum. Mən əminəm ki, bu iş üzrə veriləcək qərar mənim də 12.10.2022-ci il tarixdə verdiyim qərara yenidən baxılmasına vəsilə olacaqdır.
Əvvəlcədən təşəkkür edirəm.
Hörmətlə!
Vəkil Əziz Qənbərov