Müasir dövrdə dünyamız özünü inkişaf etdirmək üçün ən gözəl vasitə olan interneti bəxş edib bizlərə... Hazırda elə bir sahə yoxdur ki, onu internetsiz təsəvvür edə bilək.
Düşünün, təxminən 20 ilə qədər kitab oxumaq üçün kitabxanalara üz tuturduqsa, indi kiçik cihaz – telefon, planşet və ya komputerdə istədiyin kitabı anında əldə etmək mümkündür...
Səhhətimizdə problem olduğu zaman ilk atdığımız addım şikayətlərimizlə bağlı internetdə axtarış etməkdir. Yəni, qlobal şəbəkə “müayinə” işində ilk yardımçımız olur... bir sözlə, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsi müəllimi, həkimi, alimi və s. gətirir evimizə. İndi yaşından, cinsindən, təhsilindən asılı olmayaraq, hər kəs üçün dünyaya çıxış “yaşıl işıqdır”...
Təəssüf ki, internetin bəxş etdikləri bununla kifayətlənmir. Təbii ki, onun zərərləri haqda çox danışılıb. Amma görünən odur ki, hələ də danışmalıyıq...
Çünki sosial şəbəkələr hazırda tək əlaqə vasitəsi olaraq qalmır, eyni zamanda namusun, qadın ismətinin tapdalandığı, xanım simasının itirildiyi, tərbiyəsizliyin təbliği, söyüşün adiləşdiyi, abırsızlığın ayaq tutub yeridiyi ortama çevrilib... İndi söyüşlə danışmaq sosial şəbəkələrin – gənclərin dilinə çevrilmişdir... Acınacaqlısı odur ki, böyük kütlə söyüş yağışından, təhqir olunmaqdan zövq alırmış kimi, məhz “söyüş qəhrəmanları”nı “mükafatlandırır”.
Şübhəsiz, sosial şəbəkələr tək “qəhrəmanlar” üçün deyil, di gəl ki, aliminin, ziyalısının, müəlliminin də izləyici və “bəyənmə” sayına baxaq... Zehnini işə salaraq, “nə kimi faydalı informasiya hazırlaya bilərəm” düşüncəsi ilə zəhmətindən keçib cəmiyyətin xeyrinə çalışanların izləyici sayı ilə mənəviyyat düşmənlərinin sayı arasında fərq inanılmazdır...
Sosial şəbəkələri ziyalı ruhlu insanlardan soyudanlar artıq bilirlər ki, cəmiyyət nəyi qəbul edir, bundan böyük stimul alaraq daha da hədsizləşir, nəticədə, el dili ilə desək, yerdən qalxan nəslin taleyi ürək açan görünmür.
4 Aprel - dünyada Beynəlxalq İnternet Günü kimi qeyd olunur. Bu, 1998-ci ildə Roma Papası II İohan Pavel tərəfindən təsis olunub. Hər ölkə Beynəlxalq İnternet Gününü, bir qayda olaraq, milli domen zonasının açılışı günündə qeyd edir. Lakin dünya miqyasında internetin ən populyar bayramı 4 aprel hesab olunur.
İnsanların, xüsusilə, həmvətənlərimizin internetdən səmərəli istifadə etməsi diləyi ilə…. İnternetli Günümüz Mübarək!
Aymirə Ağamirova