Ağstafanın Qıraq Kəsəmən kəndinin sakinləri suvarma suyundan əziyyət çəkirlər. Kür çayına yaxın olsa da, bu yaşayış məntəqəsinin sakinləri əkinlərini suvara bilmirlər. Burada əkin sahələrinin suvarılması məqsədilə su nasos stansiyası da tikilib. Həmin stansiya lazımi avadanlıqlarla təchiz olunsa da, elektrik şəbəkəsinə qoşulmayıb. Sakinlər suvarılmadığı təqdirdə, əkinlərinin batacağını deyir. Hətta bəziləri suvara bilməyəcəyini düşünüb pay torpağında əkin işləri aparmağa risk etməyib.
Rednews.az məsələnin həlli istiqamətində araşdırma aparıb. Məlum olub ki, Kür çayının sağ sahilində yerləşən Qıraq Kəsəmən kəndinin hektarlarla əkin sahəsi artıq üç ildir ki, suya həsrət qalıb. Sakinlərin sözlərinə əsasən, yaxınlıqdakı su nasosu işlək vəziyyətə gətirilsə də, enerjiyə qoşulmamışdır. Bu səbəbdən də, payızdan əkilən taxıl və digər dənli bitkilər hələ də suvarıla bilməyib.
Yüz hektarlarla torpaq sahəsi artıq daşlaşmaq üzrədir, həm də yaxınlıqda su mənbəyi ola-ola....
Qeyd edək ki, Qıraq Kəsəmən kəndində əkinə yararlı hektarlarla torpaq sahəsi var. Kəndlilər yazın oyanışı və əkin dövrünün başlanması ilə əlaqədar suvarmanın təmin olunmasını tələb edirlər.
Qıraq Kəsəmən sakini Fərman Şükürov deyir ki, suvarma üçün nasos hazırdır, amma illərdir nə vaxtsa krantdan suyun gələcəyini gözləməkdədirlər. Dolanışıqlarının torpaqdan asılı olduğunu bildirən müsahibimiz əgər bu nasos işləyib su gələrsə, günü sabahdan əkinə başlayacağını bildirib.
Sakinlər, əsasən, bu torpaqlarda taxıl, arpa, günəbaxan, yonca, qarğıdalı əkini ilə məşğul olurlar. Suvarmada problem yaranandan isə həmin sahələr dəmyə sahəsinə çevrilib. Yalnız dəmyə üsulu ilə taxıl becərilib ki, onun da məhsuldarlığı çox zəifdir.
Qıraq Kəsəmən sakini Aynur Məmmədov deyir: “Hardasa min hektara yaxın ərazidir, onun da 600-700 hektarı susuz qalıb. Subsidiyalarımızı alırıq, amma əkinimiz məhsuldar deyil. Problem budur. 3 ildən çoxdur, bu nasos tikilib hazırdır, istifadəyə verilməli, amma hələ də eləcə qalıb. “Azərenerji” ilə su idarəsi arasında bölüşə bilmirlər. Biz xahiş edirik, bu məsələ həllini tapsın”.
Qıraq Kəsəmən sakini Seymur Ayvazov da susuzluqdan təngə gəldiyini bildirir. Onun sözlərinə görə, payız əkinindəki arpadan sonra növbəli əkin prisnsipinə uyğun olaraq qarğıdalı əkməlidir, amma su yoxdur. Gün ərzində 3 dəfə su vurulmalı olduğunu ifadə edən kənd sakini bu səbəbdən xeyli ziyan çəkdiyini bildirib.
Suvarma problemindən təngə gəldiyini bildirən digər kənd sakini Bəhruz Hüseynov isə, 3-4 ildir əkindən istifadə edə bilmədiyini, Allah ümidinə, yağış yağacaq əkinimiz olacaq, deməkdən başqa çarəsinin olmadığını deyir. Havaların quraq keçməsi isə “yağış ümidi”ni də puç edib. Ümumilikdə, 1 ha 60 sot sahəsi olduğunu bildirən respondentimiz bu il də heç nə əkmədiyini bildirib.
Qeyd edək ki, sözügedən kənddə yüzlərlə hektarlıq əkin sahələri susuz qalıb. Gücü 250 kilovat olan su nasosunun inşası isə ötən il başa çatıb. Nasos sınaqdan da keçirilib, saz vəziyyətə gətirilib. Amma işə salınmır.
Məsələ ilə bağlı Ağstafa Suvarma Sistemləri İdarəsindən Rednews-a bildirdilər ki, problemdən xəbərdardırlar. Aidiyyatı üzrə da rəsmi qaydada müraciət edilib. “Azərişıq” ASC-dən isə məlumat verdilər ki, yeni inşa edilmiş nasosxanaya quraşdırılmış 250 kVT gücündə olan nasosun şəbəkəyə qoşulması məqsədilə texniki şərtin alınması üçün “Azərişıq” ASC-yə rəsmi müraciət edilməlidir.
Görünən odur ki, qurumlararası məktublaşma ilə məsələ çözülməyə çalışılır. Amma faktiki olaraq bir nəticə yoxdur...
Ümid edirik, problem qısa zamanda həllini tapacaq. Əslində isə durum olduqca bəsitdir. Necə deyərlər, nasos da var, su da var.. Qalır bircə onu sayğaclaşdırıb, şəbəkəyə qoşmaq...
Aymira Ağamirova