Çoxumuz "görəsən, nə edəcəkdim?", "mətbəxə nə üçün gəlmişdim?", "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq. Maraqlıdır ki, unutqanlıqdan son vaxtlar gənclər, yeniyetmələr də şikayətlənirlər. Bəs görəsən, nə baş verir? Beynimiz qocalır? İnformasiya yükünə tab gətirmir? Yoxsa Altsheymer xəstəliyi günü-gündən cavanlaşır? Huşsuzluqdan qurtulmaq mümkündürmü?
Rednews.az bildirir ki, bu barədə həkim-nevroloq Qalib Əsədov bildirib ki, çox zaman yaddaş pozuntusu ilə diqqət dağınıqlığı qarışdırılır:
"Ümumiyyətlə, unutqanlıq xəstəliyi amneziya adlandırılır. Əslində bu, yaş artdıqca yaddaşın zəifləməsidir. Ancaq təəssüf ki, dövrümüzdə gənclərimizin amneziyadan daha çox əziyyət çəkdiklərinin şahidi oluruq. Amneziya ən çox kəllə-beyin travmaları, psixoemosional şok, həddindən çox gərginlik və epileptik tutmalar zamanı yaranır. Eləcə də, insanlarda müəyyən yaş dövründən sonra beynin qidalanması pozulur. Beyin qabığında atrofiyanın artması nəticəsində isə altsheymer xəstəliyi yarana bilər. Əgər pasiyent ətrafındakı adamların adlarını qarışdırırsa, uzaq keçmişdə baş verən hadisələri xırdalığına qədər xatırladığı halda, dünən baş verənləri unudursa, bu, altsheymer xəstəliyinin əsas əlamətləridir".
Həkim-nevroloq qeyd edib ki, yaddaş zəifliyini yoxlamaq üçün xüsusi testlər mövcuddur:
"Bu testlərdə, əsasən, pasiyentə bir neçə spesifik sual verilir, cavablar xüsusi sistemlə hesablanır və nevroloq əldə olunan nəticələrə əsasən pasiyentin yaddaş zəifliyinin dərəcəsini təyin edir".