"2024-cü ildə işğalçı Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması o qədər də real görünmür. Təəssüf ki, Ermənistan tərəfi həm dəhliz, həm də sərhədlərin delimitasiyası məsələsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir".Bunu
Rednews.az-a eksklüziv açıqlamasında Türkiyə Ordusunun ehtiyatda olan general-mayoru
Yücel Karauz deyib.
General Yücel Karauzun fikrincə, işğalçı ölkə beynəlxalq hüququn ən ali prinsiplərinə qarşı çıxmağa davam edir:
"Bu da təəssüf doğurur. İrəvan 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsində də istəkli görünmür. Məhz buna görə də 2024-cü ildə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasını ehtimal etmirəm. Çünki Ermənistanın müqəddəratı, öz əlində deyil və bu kimi qərarları təkbaşına verə bilmir. İşğalçı ölkə 100 ildən artıqdır ki, Rusiyanın himayəsində idi. Bu for-post ölkə 2020-ci ilə qədər xarici siyasətini Rusiyanın maraqlarını nəzərə almaqla müəyyənləşdirib. O cümlədən, Qərbin, xüsusən də Fransanın diqtə və istəkləri ilə oturub-durub. Azərbaycanın 44 günlük savaşdakı şanlı qələbəsi və 2023-cü ilin sentyabrındakı anti-terror tədbirlərindən sonra rəsmi Bakı mövcud problemləri öz imkanları hesabına həll etdi. Azərbaycanın bu addımları Ermənistanı Rusiyadan uzaqlaşdırdı və Qərbə daha da yaxınlaşdırdı. Çünki baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişinin əsas məqsədi də məhz bu idi".
Ehtiyatda olan türkiyəli general onu da vurğulayıb ki, hazırda Ermənistan beynəlxalq müstəvidə Qərblə Kreml arasında çəkişmə zonasıdır:
"Qərb Rusiyanı daha da zəiflətmək və daha da nəzarətdə saxlamaq üçün Ermənistan kartından istifadə etməkdədir. Qoca qitə bu istiqamətdə Ermənistandan oyuncaq kimi istifadə edir desək, yanılmarıq. Amma İrəvan Moskvanın yüz illik qarmağından rahat şəkildə çıxa bilməyəcək. Buna görə də sülh sazişi məsələsində Ermənistan təkbaşına addım ata bilmir. İşğalçı ölkə qısa müddətdə sülh sazişinə imza atmasa, daxildə çətinliklərlə üzləşəcək. İqtisadi çətinliklər, sosial partlayışlar bir-birini əvəzləyəcək. Hətta mövcud iqtisadi çətinliklər fonunda Ermənistandan köçən əhalinin sayı daha da artacaq. Beləliklə, Ermənistan Birləşmiş Ştatlarının, Qərbin və Rusiyanın çəkişmə buxovunda çırpınacaq. Hadisələrin hazırkı gedişatı buna doğrudur. Ermənistanın indiki iqtisadi və hərbi durumu isə gələcək çəkişmələrə, siyasi oyunlara hazır deyil. Bundan sonrakı mərhələdə Ermənistanın xilası üçün yeganə yol əbədi sülh və sabitlikdir. İrəvan qonşuları ilə yaxşı yola getməlidir.
İrəvan Ermənistandan minlərlə kilometr uzaqda olan dövlətlərin siyasi istəklərini yerinə yetirməyə davam edərsə, yox olmaq təhlükəsi ilə üz-üzə qala bilərlər. Türkiyə və Azərbaycanla hesabalaşmaq istəməsə, regiondakı gerçəklikləri nəzərə almasa, o zaman Ermənistanı çox çətin, çıxılmaz vəziyyət, gözləyəcək".
Turan