"Açıq etiraf edirəm ki, Prezidentin təhlükəsizlik xidmətində iş asan deyil. Mən bu sistemdə 25 il xidmət edərkən bir çox incəlikləri dərk etdim. Hər gün yeni bir şey öyrənirdim, çünki Prezidentin mühafizə sistemi üzrə rəsmi elmi baza mövcud deyil".Bunu
Rednews.az -a açıqlamasında Prezidentin təhlükəsizlik xidmətinin, xidmətin təşkili və nəzarəti şöbəsinin sabiq rəisi, hazırda "Azərbaycan – Ukrayna" Beynəlxalq Alyansının sədri
Elmar Məmmədov deyib.
Sabiq rəis bildirib ki, Dövlət Başçısının təhlükəsizliyi istənilən ölkədə ən əsas prioritetlərdən biridir:
"Prezidentin təhlükəsizlik xidmətində müxtəlif ali təhsil müəssisələrində təhsil almış, bu fəaliyyət üçün uyğun bilik və vərdişlərə malik, öz işinin peşəkarı olan insanlar çalışır. Onlardan bəziləri xarici dil bilir, bəziləri döyüş sənətinə malikdir. Ümumiyyətlə, hər bir əməkdaşın bilik bazası fərqlənə bilər. Bu səbəbdən mən istiqamət üzrə ali təhsil müəssisəsinin təsis edilməsini təklif etmək istərdim".
Elmar Məmmədovun sözlərinə görə, burada təhlükəsizlik vərdişlərinin öyrədilməsi, kommunikasiya, intellektual inkişaf üzrə və dövlətin birinci şəxslərinin xarici səfərlərini nəzərə alaraq, şübhəsiz ki, xarici dillər üzrə tədris proqramı işlənib hazırlana bilər:
"Bu təhsil müəssisəsi Prezidentin təhlükəsizlik xidmətində işin tələblərinə tam uyğun olan kadrlar buraxa bilər. Prezidentin təhlükəsizlik xidməti Akademiyası yaradılmalıdır. Hər bir güc strukturunun (DİN, DTX, FHN, Ədliyyə Nazirliyi və sair) yüksək ixtisaslı kadrlar hazırlayan öz ali təhsil müəssisələri var. Dövlət Başçısının təhlükəsizlik xidməti də yuxarıda sadalanan orqanlar kimi Ali Baş Komandanın tabeliyindədir".
Rübabə SAHİB