“2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana da, imzalanmaya da bilər. Bu barədə cənab prezident də jurnalistlərə son müsahibəsində fikirlərini səsləndirdi. Hətta iki tərəf arasındakı danışıqların davam etdirilməsi və ya ümumiyyətlə, kəsilməsi də mümkündür. Bu baxımdan, Azərbaycan üçün Ermənistanla sülh müqaviləsinin imzalanıb-imzalanmaması elə də böyük problemlər yaratmır”.Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, həmin problemlər Ermənistan üçün mövcuddur:
“Ermənistan Azərbaycanla ədavəti davam etdirmək istəyirsə, buyursun. Bu vaxta qədər Azərbaycana qarşı düşmənçilik Ermənistana böyük itkilər yaşadıb. Reallığı nəzərə alsaq, sülh müqaviləsinin şərtlərini 10 gün ərzində də razılaşdırıb tamamlamaq mümkündür. Sülh sazişinin imzalanması ilə bağlı bir neçə maneə də var. Həmin məqamlar da ölkə başçısı tərəfindən sadalandı. İrəvan həmin müqavilədə Ermənistanın və Azərbaycanın ərazilərini konkret rəqəmlərlə göstərmək istəyindədir. Halbuki, bu nüans olduqca absurddur. Çünki praktikada belə bir şey yoxdur. Baxın, Xəzər dənizində suyun səviyyəsi geri çəkilir. Bunun nəticəsində Azərbaycanın əraziləri min kvadrat kilometr arta bilər. O zaman biz Ermənistanla imzalanmış müqaviləni cırıb atacağıq? Ona görə də Ermənistanın bu cür yanaşması qəbul oluna bilməz. Olduqca absurd yanaşmadır. Ərazilərin konkret rəqəmlərlə göstərilməsi yüngül yanaşmadır”.
Deputat Rasim Müsabəyov Ermənsitanın sülh sazişi ilə bağlı digər sərsəmləmələrinə də diqqət çəkir:
“Ermənistan təkid edir ki, müqavilədə “qarantlar” olmalıdır. Bu da mənasızdır. Əgər söhbət çərçivə sazişindən gedirsə, həmin saziş beynəlxalq hüquqda əksini tapmış bütün müddəaları, prinsipləri özündə əks etdirir. Bu prinsiplər onsuz da Azərbaycan və Ermənistan BMT-yə, ATƏT-ə üzv seçiləndə hər iki ölkə tərəfindən qəbul olunub. Sülh sazişi imzalanıb ratifikasiya edildikdən sonra BMT-yə qeydiyyat üçün göndərilir. Azərbaycan Zəngəzur dəhlizindən maneəsiz keçid tələb edir. Ermənistan isə bunun qarşısını almağa çalışır. Hər halda, bu məsələnin də sülh sazişi çərçivəsində həllini tapması mütləq deyil. Bu kimi məsələləri kənara qoyduqda sülh sazişini imzalamaq o qədər də problem yaratmayacaq. Ortaya sual çıxa bilər ki, bu sənəd əsas məsələləri həll etmirsə, nəyə lazımdır?! Xeyr, lazımdır. Ona görə ki, bu sənədlə 30 illik münaqişənin üzərindən xətt çəkilir. Ərazi bütövlüyünün qarşılıqlı tanınması baş verir, diplomatik əlaqələr qurulur və sair... Digər mübahisəli məsələləri tərəflər danışıqlar yolu ilə hətt etmək imkanına malik olacaqlar”.
Millət vəkilinin fikrincə, mövcud vəziyyətdən ABŞ da narahatdır:
“Ermənilər indi nə qədər çək-çevir, götür-qoy etsələr də, sonda sülh müqaviləsinə gedəcəklər. Hiss olunur ki, Birləşmiş Ştatlar da Azərbaycanla Ermənistan arasındakı durumun hazırkı vəziyyətinin “açıq qalmasından” narahatdır. Baxın, Rusiyada, İranda müəyyən proseslər gedir. Bütün bunlar tələb edir ki, bölgədə etibarlı sülh olmalıdır. Həmin etibarlı sülhü təmin etmək üçün Azərbaycan və Ermənistan müharibə yanaşmasının üstündən xətt çəkməlidir. Bunun da yeganə yolu sülh müqaviləsindən keçir. Əgər Vaşinqton İrəvanın başına ağıl qoyarsa, o zaman Nikol Paşinyan da bu sülh sazişinə imza atmağa razılaşacaq”.