Azərbaycanın Milli Qəhrəmanı, polis nəfəri, Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Əliyev Vasili Əhməd oğlunun 65 yaşı tamam olur. Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə Milli Qəhrəmana həsr olunan xatirə tədbiri keçirilib.
Rednews.az xəbər verir ki, anım mərasimində Vasilinin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Birinci Qarabağ müharibəsində Qubadlı rayonundan 238 nəfər şəhid olub. Onlardan 11 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhidlərin 12 nəfəri polis əməkdaşı olub, yüz nəfərdən çox sakin isə itkin düşüb.
Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş Qubadlı rayonunda Milli qəhrəmanlar Əliyar Əliyev, Kərəm Mirzəyev, Vasili Əliyev, Aqil Məmmədov, Bəylər Ağayev və digərlərinin qəbirüstü abidələri yenidən götürülüb. Eləcə də Aşağı Mollu kəndində Həcər xanımın qəbirüstü abidəsi bərpa olunub. Qəbirüstü abidələrin bərpası davam edir.
Milli Qəhrəmanın ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.Qubadlı rayon Polis şöbəsinin əməkdaşları Milli Qəhrəman Vasili Əliyevin Qubadlı rayonundakı qəbirüstü abidəsini də ziyarət ediblər.