Yanvarın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Rednews.az xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik barədə məlumat verib. Deputat diqqətə çatdırıb ki, Milli Məclisin 2023-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı iclasın müzakirəsinə çıxarılıb. Məsələlər barədə məlumat verən komitə sədri deyib ki, 2023-cü il Azərbaycanda müstəsna əhəmiyyətə malik və möhtəşəm nailiyyətlərlə zəngin bir il kimi tarixə düşüb.
Bildirilib ki, “Heydər Əliyev İli”ndə Azərbaycanın öz suverenliyini bütün ərazisində tam təmin etməsi ölkəmizin qarşısında yeni üfüqlər və imkanlar açıb. Həmçinin ötən ildə ölkənin iqtisadi gücünün artması, əhalinin sosial rifahının yaxşılaşması, regionların inkişafı istiqamətlərində tədbirlər uğurla davam etdirilib.
Hesabatla bağlı komitə sədri diqqətə çatdırıb ki, ötən payız sessiyası dövründə Regional məsələlər komitəsi tərəfindən 2-si onlayn olmaqla 6 iclas, həmçinin “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzularında iki ictimai dinləmə keçirilib.
S.Novruzov komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı ilə bağlı danışarkən qeyd edib ki, növbəti sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi və digər məsələlər nəzərdə tutulub.
2024-cü ildə ölkəmizin qarşısında dayanan çağırışlardan söz açan Siyavuş Novruzov fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin Azərbaycanın bütün ərazisində keçiriləcək ilk seçkilər olduğunu qeyd edib və bu seçkiləri ölkəmizdə yeni dövrün başlanğıcı kimi dəyərləndirib. Komitə sədri əminliklə bildirib ki, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edəcək və bu yeni dövrə öz xeyir-duasını verəcək.
Müzakirədə komitənin üzvləri Məzahir Əfəndiyev, Nizami Cəfərov, Tahir Rzayev, Kamran Bayramov, Əliabbas Salahzadə və başqaları çıxış edərək bələdiyyələrin fəaliyyəti, onların işinin səmərəliliyinin artırılması, regional idarəetmənin təkmilləşdirilməsi, ölkəmizin qarşısında dayanan müasir çağırışlar və digər aktual məsələlərlə bağlı fikirlərini bölüşüblər.
İclasda Regional məsələlər komitəsinin 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab olunub, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.