Gürcüstanın Marneuli şəhərində 20 Yanvar faciəsinin 34-cü il dönümü ilə bağlı, 20 Yanvar və 9 Aprel faciəsinə həsr olunmuş “Milli Dirəniş və Azadlığa Gedən Yol” adlı sərgi və “Unutsaq-unudularıq” mövzusunda anım tədbiri keçirilib.
Rednews.az xəbər verir ki, Marneulidəki “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov Azərbaycanın və Gürcüstanın müstəqillik uğrunda mübarizə tarixindən söz açıb, keçmiş sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-də Azərbaycanda törətdiyi qırğınların əsas səbəblərindən danışıb. O bildirib ki, ölkələrimizin azadlığı uğurunda canlarından keçən qəhramanlar heç bir zaman unudulmur.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxışında bildirib ki, sovet imperiya qüvvələrinin bu qırğınları törətməkdə məqsədi hər iki xalqın azadlıq və müstəqillik uğrunda mübarizə əzmini qırmaq olub. Lakin onlar öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan və gürcü xalqları öz qanları bahasına yenidən müstəqilliyinə qovuşublar.
Diplomat, Azərbaycanın yenidən müstəqilliyinə qovuşmasında, dövlət müstəqilliyinin bərpasında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd edib. Bildirib ki, Ulu Öndər 1990-cı ilin yanvar qırğınından dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə ilk siyasi qiymətini verib.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda mübarizədə bu ölkədə yaşayan soydaşlarımızın rolunu qeyd edən diplomat 20 Yanvar faciəsi zamanı Gürcüstan əsilli 6 nəfərin şəhid olduğunu bildirib.
Sonra Marneuli Bələdiyyəsinin sədrinin müavini Rövşən İskəndərov, Türkiyə Maarif Okullarının Tbilisi nümayəndəliyinin rəhbəri Ali Sedat Aslan, ictimai-siyasi xadim, parlamentin sabiq deputatı Mahir Dərziyev, Əməkdar jurnalist Nizami Məmmədzadə, GAK sədri Hüseyn Yusibov, Azərbaycan dili müəllimi Fatma Əliyeva və başqaları çıxış edərək 9 Aprel və 20 Yanvar faciələrini şərh edib, fikirlərini bölüşüblər.
Qeyd edək ki, mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.