Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.
Rednews.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə iki məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini diqqətə çatdırıb.
Komitə sədri əvvəlcə 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. O, bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 6 məsələyə baxılıb.
Ə.Əmiraslanov diqqətə çatdırıb ki, ötən sessiyada komitə üzvləri “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində fəal iştirak ediblər. Bu ilin büdcəsinin də sosialyönümlü olduğunu deyən komitə sədri, səhiyyə sahəsinə ayrılan vəsaitin artırıldığını, bunun əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, bu sahənin daha da inkişafına xidmət edəcəyini söyləyib.
Bildirilib ki, hesabat dövründə komitədə böyük əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunmuş “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələr keçirilib.