"İran özündən razı böyük dünya güclərinə real siyasətin nə olduğunu anlamaq dərsi verir. Yaxın Şərqin müxtəlif ölkələrində proxy-lər yaratmış Tehran rejimi sanki mesaj verir ki, əvvəlcə onlarla "danışın", sonra ehtiyac duysanız üzərimə gələrsiniz. Halbuki İranın bu məkrli siyasətini onilliklər boyu görməmək mümkün deyildi".Rednews.az xəbər verir ki, bunu siyasi ekspert
Ərəstun Oruclu deyib.
Ekspertin fikrincə, bu gedişlə böyük müharibə qaçılmaz olacaq:
"Təsəvvür edin, Həmas İsrailə hücum etməklə bütün geosiyasi düzəni pozdu, Yəmən husiləri Qırmızı dənizdə gəmilərə təhdid yaratmaqda dünyanı fakt qarşısında qoyublar: gəmiçilik şirkətləri Qırmızı dəniz -Süveyş kanalı marşrutundan imtina edərək Afrika ətrafından dolanaraq Avropaya yük çatdırmağa məcbur olublar.
Bu isə təkcə yüklərin 20-25 gün gecikmə ilə çatması deyil, həm də müxtəlif hesablamalara görə 1,0 - 1,5 trilyon dollar itki deməkdir. Hələ bu da hamısı deyil. Söhbət faktiki Yaxın Şərqə təsir imkanlarını itirməkdən gedir. Bununla isə heç kim barışmaq istəməyəcək, çünki Yaxın Şərqi uduzmaq geosiyasi məğlubiyyət deməkdir.
Yaranmış şəraitdə də məğlub olmamaq üçün vəziyyətdən yeganə çıxış yolu kimi görünən vasitə böyük müharibə ola bilər. Amma burda da yetərincə çoxlu suallar var: necə, kimlərə qarşı və hansı müttəfiqlərlə, hansı mümkün nəticələrlə? Axı hər kəsə bəllidir ki, müharibə 1 problemi həll edəndə 10 yeni problem yaradır".
Elçin