"İrəvanla Moskva arasındakı mövcud problemlər Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbə inteqrasiya siyasəti yeritməsi və bu siyasəti radikal formada Kremlə yansıtması ilə bağlıdır. Faktiki olaraq həm 44 günlük müharibə, həm də ötən ilin sentyabrında gerçəkləşən lokal anti-terror tədbirləri sırasında Qarabağın bütövlükdə Ermənistan üçün "itirilməsi"ndən sonra Nikol Vovayeviç Rusiyadan asılı olduğunu düşünmür".Bunu
Rednews.az-a açıqlamasında politoloq
Turan Rzayev deyib.
Politoloq düşünür ki, Nikol Paşinyan Qarabağ yükünü öz üzərindən atdığı üçün Qərbə doğru inteqrasiya yolunu
daha radikal formada seçib.
Ekspertin fikrincə, ötən ilin sonlarına doğru Avropadan da Ermənistanın bu siyasətinə Nikol Vovayeviç tərəfindən korrektələr edilməsi istənilib:
"Əks halda Ermənistanın baş nazirinin atdığı bu addımlar onun hakimiyyətinin itirilməsinə gətirib çıxara bilərdi. Yəni, Qərb də Paşinyanın Rusiyaya qarşı bu cür münasibətindən razı deyildi. Çünki Rusiya tərəfi Paşinyan iqtidarını devirə biləcək müxtəlif resurslara malikdir. Bu baxımdan, Avropa Paşinyandan öz siyasətinə korrektələr etməsini istədi. 2023-cü ilin sonlarında biz Nikol Vovayeviçin Rusiyaya səfərinin də şahidi olduq. Bu həm də onu deməyə əsas verir ki, ən azından 2024-cü ilin birinci yarısına qədər Ermənistanın Rusiyaya yaxınlaşması, ikitərəfli münasibətlərdə loyallıq hiss ediləcək. Yəni artıq radikal yox, daha sakit bir "qopma"nın, siyasi uzaqlaşmanın şahidi olacağıq. Kreml də indiki halda İrəvanı itirməyi göz önünə ala bilməz. Belə olan təqdirdə mövcud vəziyyət Moskvanı tam qane edir. Rusiya hakimiyyəti də maksimum dərəcədə çalışacaq ki, baş nazir Nikol Paşinyanla münasibətləri normallaşdırsın. Nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri Qərbyönümlü bir liderdir. Onun Qərbə inteqrasiya siyasəti dönüşü olmayan bir yoldur. Ümumiyyətlə, Paşinyanın siyasi konsepsiyasının ana xəttini Qərbə inteqrasiya siyasəti təşkil edir. Bu baxımdan, Rusiya ilə Ermənistan arasındakı siyasi münasibətlərin əvvəlki kimi olacağını düşünmürəm. Amma bu münasibətlər 2023-cü ildəki qədər gərgin olmayacaq".
Turan Rzayevin sözlərinə görə, 2024-cü ildə Ermənistanın Rusiya ilə münasibətlərdə
bir sıra radikal addımlar atması da mümkündür:
"Ermənistanın KTMT-dən çıxması məsələsi yenidən gündəmə gələ bilər. İrəvan Gümrüdəki 102 saylı hərbi bazanı da Gümrüdən çıxarmağı tələb edə bilər. Bütün bunların baş verib-verməməsi cari situasiyalardan asılı olacaq. Ən azından, Qərbin Ermənistana axırıncı xəbərdarlıqlarından sonra Ermənistan bu cür radikal addımlar atmağa hazır deyil. Lazımı gücü topladıqdan sonra Paşinyanın Rusiyanın nəbzini yoxlamaq üçün bu cür radikal gedişlərə atması mümkündür ".
Ahu