"7 fevral 2024-cü ildə baş tutacaq prezident seçkilərində müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsinə yəqin ki, heç kimin şübhəsi yoxdur. Çünki xalqımızın yekdilliklə öz səsini Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş müdrik oğluna verəcəyinə əminəm. 7 fevral 2024-cü ildən sonra təkcə Azərbaycan üçün yox, eləcə də bütün regionumuz üçün yeni era başlayacaq".
Bunu
Rednews.az-a açıqlamasında keçmiş deputat, politoloq
Sona Əliyeva deyib.
Keçmiş millət vəkilinin sözlərinə görə, ölkə başçısının növbəti mərhələdəki rəhbərliyi dövründə Azərbaycan xalqını bir sıra yeniliklər gözləyir:
"Növbəti mərhələdə Azərbaycan xalqı hələ də işğal altında olan 8 kənddə suverenliyimizin bərpasını görəcək. İşğaldan azad olunan şəhərlərə, kəndlərə keçmiş məcburi köçkünlərin qayıdışına şahid olacağıq. 30 il işğal altında olan şəhər və kəndlərimizin necə abadlaşdırılmasına şahidlik edəcəyik. Zəngəzur dəhlizinin açılması da qarşıdakı illərdə gerçəkləşəcək. Bundan başqa, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışı ilə bağlı yeni siyasi gedişlərimiz olacaq. Ölkəmizin artan nüfuzunu sayəsində dövlətimiz dünyada əsas aktorlardan biri kimi çıxış edəcək. Regional və beynəlxalq layihələrin altında yenə də Azərbaycanın imzasını görəcəyik. İqtisadi yüksəliş növbəti mərhələsinə qədəm qoyacaq. Eyni zamanda, Azərbaycan regionun sülh adası kimi yenə də qlobal investorların diqqətini cəlb edəcək. Hətta 2025-ci ilə qədər rusiyalı sülhməramlıların Azərbaycan ərazisini tərk edəcəyini indidən düşünmək olar. Türkiyə və Azərbaycanın birgə addımları digər türk dövlətlərinin iqtisadi yüksəlişinə imkan yaradacaq. Bütün bunlar ölkə başçısının prezidentliyinin növbəti mərhələsinə təsadüf edəcək. Təbii ki, mən də 7 fevralda baş tutacaq seçkilərdə öz səsimi qalib xalqın müzəffər prezidentinə verəcəyəm".
Tural Turan