“2024-cü ilin ilk 6 ayı ərzində Rusiya-Ukrayna savaşının başa çatacağını düşünmürəm. Çünki hazırda Rusiya mart ayında baş tutacaq prezident seçkilərinə hazırlaşır. Növbəti 3 ay ərzində cəbhədə hər hansı üstünlük qazanmayacağı təqdirdə Kiyevin Moskva ilə danışıqlar masasına əyləşəcəyi inandırıcı görünmür”.
Bunu
Rednews.az-a açıqlamasında keçmiş millət vəkili,
politoloq Sona Əliyeva deyib.
Politoloqun fikrincə, hazırda Qərb dairələri də Ukraynaya yardımı bir xeyli azaldıb:
“Bu da o deməkdir ki, Ukrayna dünyanın ikinci ən böyük hərbi gücü ilə döyüş meydanında üz-üzə qalıb. Volodimir Zelenski komandanlığında Ukrayna təkbaşına hər hansı bir uğura imza ata bilməyəcək. Bir sıra Avropa ölkələri Ukraynaya verdiyi vədlərin üstündən su içdilər. Həmin vədləri yerinə yetirməkdən boyun qaçırdılar”.
Keçmiş millət vəkili hesab edir ki, Qərb də Kiyevin Kremllə danışıqlar masasına oturmasını istəyir:
“Ukrayna isə mövcud vəziyyətlə barışa bilməz. Ölkə iki il ərzində böyük ciddi ziyan görüb. İnfrostruktur dağılıb. On minlərlə əsgər döyüş meydanında itirilib. 5 milyondan artıq ukraynalı ölkəsini tərk edib. Ölkənin 15-20 faiz ərazisi işğal altına düşüb. Belə bir məqamda Ukraynanın danışıqlar masasına heç bir hərbi uğur əldə etmədən əyləşməsi Zelenski hakimiyyətinin siyasi intiharı ilə nəticələnə bilər. Hazırda həm diplomatik masada, həm də cəbhədə bütün üstünlüklər Rusiyanın tərənindədir. Ona görə də
ilin ilk yarısına qədər Rusiya ilə Ukrayna arasında hər hansı sülh sazişinin imzalanacağı
inandırıcı görünmür”.
Turan