“Əgər böyük sülh sazişinə “hə” deməsə, o zaman 2024-cü il Ermənistan üçün olduqca ağır keçəcək. Çünki İrəvan bütün regional və beynəlxalq layihələrdən kənarda qalacaq”.Bunu
Rednews.az-a açıqlamasında politoloq
Sona Əliyeva deyib.
Keçmiş millət vəkili bildirib ki, Azərbaycan ən qısa zamanda böyük sülh sazişinin imzalanmasına nail olacaq:
“İndi bütün istiqamətlərdə Azərbaycan Ermənistandan qat-qat güclüdür. Hərbi və diplomatik masada üstünlüyümüz göz önündədir. Ən əsası, savaşda qalib gələn və sülh sazişinin müddəalarını diqtə edən tərəfdir. Ermənilər isə daha da acınacaqlı duruma düşüblər. Son 6 ayda işğalçı ölkəni 15 mindən artıq insan tərk edib. Onların 80 faizi geri dönməmək üzrə Ermənistandan gediblər. Sadə ermənilər ölkələrinin işıqlı sabahına inanmırlar. Ona görə də hazırkı Ermənistan hakimiyyəti vəziyyəti daha yaxşı götür-qoy etməlidirlər”.
Politoloqun fikrincə, bu ilin sonuna qədər Ermənistanla sülh sazişi imzalana bilər:“Bunun üçün İrəvan sadəcə qətiyyət göstərməlidir. Havadarlarının, xüsusən də Fransanın buyruğu ilə oturub-durmamalıdır. Fransa Ermənistanı uçuruma sürükləyir. 44 günlük savaşda heç Fransa da Ermənistana kömək edə bilmədi. İrəvandakılar bunu unutmamalıdırlar. Artıq Ermənistan üçün “Dağlıq Qarabağ dəftəri” tarixin zibilliyinə atılıb. Baş nazir Nikol Paşinyan üzümüzə gələn aylarda böyük sülh sazişinə razılıq verməsə, o zaman ac-yalavac xalq onu da tarixin arxivinə göndərəcək”.
Turan