"Çox istərdik ki, 7 fevralda keçiriləcək prezident seçkiləri öncəsi və ya Novruz bayramına qədər əfv sərəncamı imzalansın. Bu istiqamətdə söhbətlər aparılır. Görək necə olur. Yəqin ki, prezident seçkilərindən sonra əfv sərəncamı imzalanacaq. Hətta mən düşünürəm ki, yüz faiz əfv sərəncamı olacaq".Bunu
Rednews.az-a eksklüziv açıqlamasında hüquq müdafiəçisi, İşçi qrupun üzvü
Novella Cəfəroğlu deyib.
Hüquq müdafiəçisi İşçi qrupun prezident seçkiləri öncəsi fəaliyyətindən də danışıb:
"İşçi qrupu əfv məsələsi ilə bağlı bütün siyahıları aidiyyatı üzrə təhvil verib. Siyahılar Əfv Komissiyasındadır. Hazırda mən, Səidə Qocalmalı və Səadət xanımla birgə koalisiya yaratmışıq. Seçkilərlə bağlı müşahidələr aparırıq. İki politoloq da bizimlə birgə işləyir. Biz bütün prezidentliyə namizədlərlə görüşürük. Digər namizədlərlə görüşləri başa çatdırdıqqdan sonra xahiş edəcəyik ki, ya prezident, ya da onun səlahiyyətli nümayəndəsi bizi qəbul etsin. Çünki bütün prezidentliyə namizədlərlə görüşmüşük. Prezidentin özü bizi qəbul etsə, çox yaxşı olardı. Bu, dünya miqyasında çox yaxşı nümunə olardı ki, prezident bizlərlə, hüquq müdafiəçiləri ilə görüşüb".
Hüquq müdafiəçisi seçki öncəsi həbsdə olan jurnalistlərin və bloggerlərin də azad edilmələrini arzuladığını dilə gətirib:
"Hesab edirəm ki, onların hamısı seçkidən öncə azad edilməlidirlər. Qubad İbadoğlu, Tofiq Yaqublunu və digərlərini seçkidən öncə azad etmək lazımdır. Bu, seçki öncəsi insanlarda fərqli ruh yaradacaq. Düşünürəm ki, bu çox yaxşı addım olardı. Bu bu məsələni də onlardan xahiş edəcəyik. Xahişimizin yerinə yetirilib-yetirilməməsi başqa məsələdir. Amma biz bununla bağlı xahişimizi səsləndirəcəyik. Prezident seçkilərindən sonra düşünürəm ki, yüz faiz əfv sərəncamı olacaq. Biz təkcə siyasi məhbusları yox, minlərlə hüquqları pozulan sadə insanları həbsdən azad etdiririk. 10 ildən çox "iş alan" məhbus cəzasının yarıdan çoxunu çəkibsə, onların həbsdən azad edilməsinə nail oluruq. Hüquqları pozulan sadə insanlar, məhbuslar heç bir jurnalistdən, siyasətçidən əskik deyil. Onlar da hüququn aliliyindən, onun imkanlarından yararlanmalıdırlar. Biz onların hamısını qorumalıyıq".
Tural Turan