Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ofisində qurumun rəsmiləri ilə Seçki Müşahidə və Təhlil Qrupu arasında görüş keçirilib.
Rednews.az xəbər verir ki, görüşdə səfir cənab Peter Mixalko, xanım Annalisa GIANSANTI və nümayəndəliyin digər əməkdaşları iştirak edib.
Qrupda yer almış təşkilat sədrlərinin: Rafiq İsmayılov, Mirvari Qəhrəmanlı və Osman Gündüzün də iştirak etdiyi görüşdə, Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkiləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Seçki öncəsi ictimai-siyasi vəziyyət, seçki hazırlıqları, qarşıya çıxan problemlərin həlli yollarına diqqət çəkilib, eləcə də Seçki Müşahidə və Təhlil Qrupu tərəfindən həyata keçirilən və nəzərdə tutulan işlər haqda məlumat verilib.
Müzakirə zamanı seçki prosesinin müsbət tərəfləri ilə yanaşı, ölkədə müstəqil mediyanın fəaliyyətinin hüquqi çərçivə ilə məhdudlaşdırılması, media nümayəndələrinin həbsləri, söz, ifadə azadlığına məhdudiyyətlərin qoyulması halları, müxalif siyasi partiyaların seçkiyə qatılmaması, seçici aktivliyinin aşağı olması, seçki prosesində iştirak üçün əvvəlcədən elan olunmuş 17 namizədin hamısının seçkidə iştirak edə bilməməsi, bunun səbəbləri və s. məqamlar haqda geniş müzakirə aparılıb.
Sonda Koalisiya üzvləri Aİ nümayəndəliyinin çoxsaylı suallarına cavab verib.