"Əslində mənim fikirlərim AŞPA nümayəndə heyətinin bəyanatında ifadə olunub. Ona görə də əlavə edəcəyim başqa bir fikir yoxdur. Yalnız onu vurğulamaq istəyirəm ki,
2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir".
Bunu
Rednews.az-a açıqlamasında AŞPA-da təmsil olunan Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı
Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik:
"Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir.Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Bu fikirlər AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin qərarında da yer alıb".
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırdığını bəyan edib.
Tural Turan