“Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında yaranmış böhran xoşagəlməzdir”.Bunu
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Milli Məclisin deputatının sözlərinə görə, bu böhran əslində tərəflərin heç birinə faydalı deyil:
“Amma yaranmış bu vəziyyətin səbəbkarı Azərbaycan deyildir, Avropa Şurası Parlament Assambleyasıdır. Beynəlxalq və regional təşkilatlar özlərini dövlətlərin fövqündə tuta bilməzlər. Çünki dövlətlər olmasalar, təşkilatlarda üzv olaraq iştirak etməsələr, həmin təşkilatların mövcudiyyətinin heç bir anlamı qalmır. Avropa Şurası Parlament Assambleyasında baş verənlər Azərbaycanın öz ərazisində dövlət suverenliyini bərpa etməsindən sonra olub”.
Deputat
Musa Qasımlının fikrincə, bəzi ölkələr Ermənistanın məğlubiyyətini öz yenilgiləri kimi qəbul edirlər:
“Hesab edirlər ki,
Mustafa Kamal paşadan sonra ilk dəfə olaraq Azərbaycan Prezidenti xristian dünyasının təmsilçisi olan dövləti və ya dövlətləri məğlubiyyətə uğradıb, yeni bir nümunə göstərib. Azərbaycanın qazandığı qələbəni onlar özlərinin siyasi, diplomatik, iqtisadi, hərbi, mənəvi və psixoloji məğlubiyyətləri kimi qəbul edirlər. Ona görə də ikili standartların hökm sürdüyü, islamafobiyanın tüğyan etdiyi bir təşkilatda Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırması məcburi addımdır. Amma zərurətdən yaranıb. Bundan ən çox itirən Avropa Şurası Parlament Assambleyası olacaq. Çünki onların Pan-Avropa planı Avropa dövləti olan Azərbaycansız həyata keçirilə bilməz. Belə vəziyyət Avropa dövlətlərinin Cənubi Qafqazdan vurulub çıxarılmasına gətirəcək. Həmin ölkələr anlamalıdırlar ki, Azərbaycanla hökmlə danışmaq olmaz. Azərbaycan yalnız bərabərhüquqlu münasibətlərin tərəfdarıdır”.
Qeyd edək ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırdığını bəyan edib.
Tural Turan