"2024-cü il regionumuz üçün çox da asan olmayacaq. Rusiya və Ermənistan arasındakı gərginlik İrəvan və Paris arasındakı yaxınlaşma fonunda daha da kəskinləşə bilər. Bundan başqa, güney qonşumuz İran da Qərblə, eləcə də digər qüvvələrlə savaşın bir addımlığındadır".Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin keçmiş deputatı,
politoloq Sona Əliyeva deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan olduqca həssas bir coğrafiyada yerləşdiyi üçün gedişlərini də yüz ölçüb bir biçmək məcburiyyətindədir:
"Ən əsası, bir-biri ilə münasibətləri enişli-yoxuşlu olan region ölkələrinin hər biri bizim geosiyasi siyasi və iqtisadi tərəfdaşlarımızdır. Bizim hər bir qonşu dövlətlə balanslı siyasi xəttimiz mövcuddur. Rəsmi Bakı bu cür çətin durumlarda həmişə təmkinlə davranıb. Hətta bəzi hallarda münasibətləri gərginləşən aparıcı region ölkələri arasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Düşünürəm ki, 2024-cü ildə də belə olacaq. Azərbaycan hər şeydən əvvəl yaranmış vəziyyətdən öz milli mənafeyi üçün yararlanmağa, regionda sülhün və sabitliyin qorunması üçün əlindən gələni etməyə çalışacaq. Çünki ölkəmiz həmişə beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşıb".
Keçmiş deputatın fikrincə, Bakı müəyyən məsələlərin həllində, münasibətlərin normallaşmasında yenə də region ölkələri arasında vasitəçilik missiyasını öz üzərinə götürə bilər:
"Vaxtilə Türkiyə və Rusiya arasında gərginlik yaşananda da belə olmuşdu. Rəsmi Bakı iki qonşu ölkənin münasibətləri normallaşdırması üçün bütün imkanlarını səfərbər etmişdi. Hesab edirəm ki, hazırda Pakistan-İran, İran-İsrail gərginliyinin də aradan qaldırılmasına Azərbaycan öz töhfələrini verə bilər. Ona görə ki, ölkəmiz bütün region ölkələri ilə eyni məsafədə münasibətlər qurub".
Tural Turan