"Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində hər zaman özünün konstruktiv davranışları ilə səciyyələnib. Ölkəmiz müxtəlif platformalarda etibarlı tərəfdaş kimi əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olub. Amma Avropa Şurası Parlament Assambleyasında Azərbaycana münasibətdə olduqca qərəzli mövqenin sərgilənməsi əslində bu platformanın özünün hər şeydən öncə yararsızlığının göstəricisidir".Bunu
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən nümayəndə heyətimizin adıçəkilən qurumla bağlı qəbul etdiyi bəyanatı şərh edən deputatın fikrincə, zaman-zaman biz AŞPA tərəfindən ölkəmizə münasibətdə qeyri-obyektivlik müşahidə etmişik:
"Ən azından, Azərbaycan AŞPA çərçivəsində keçmiş münaqişə vəziyyətinin ədalətli tənzimlənməsi istiqamətində bir dəstək axtarırdı. Buna baxmayaraq, Azərbaycan torpaqlarını 30 il boyunca işğal altında saxlayan Ermənistana münasibətdə AŞPA heç bir zaman mövqe bildirmədi. Yəni, Ermənistanın işğalçılıq siyasətini, işğalçı dövlət olduğunu ifadə edəcək heç bir mövqe sərgiləmədi. Elə bunun özü göstərirdi ki, Avropa Şurası Parlament Assambleyası uğurlu bir platforma deyil. Hesab edirəm ki, Azərbaycanın addımı güclü dövlətin addımıdır. Ölkəmiz AŞPA-nın ikili standartlar siyasətinə aşkar etirazını ifadə edərək, bu qurumda öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı. Hesab edirəm ki, Azərbaycanın bu addımı adıçəkilən qurumla yanaşı, Avropanın digər strukturlarını da çox ciddi düşündürməlidir".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan bu addımı ilə oraya bir presedent qoydu:
"AŞPA çərçivəsində öz maraqlarını müdafiə edə bilməyən digər dövlətlər də var. Söhbət öz haqlı maraqlarını müdafiə edə bilməyən dövlətlərdən gedir. Onlar da AŞPA platformasından uzaqlaşa bilərlər. Mahiyyət etibarilə bu, strukturun fəaliyyətinin iflic olmasına gətirib çıxarar. Azərbaycan kimi etibarlı bir dövlətə münasibətdə qeyri-obyektiv münasibətin sərgilənməsi hesab edirəm ki, digər iştirakçı ölkələri də düşündürəcək. Xatırlatmaq yerinə düşər ki, bir müddət öncə Rusiya da AŞPA-dakı fəaliyyətini dayandırmışdı. Həm üzv ölkənin fəaliyyətini dayandırması, həm də həmin üzv ölkələrin təşkilata ödənişlərinin dayandırılmasıdır. Bu da mahiyyət etibarilə təşkilatın fəaliyyətində neqativ iz buraxacaq. AŞPA həm də öz davranışları ilə bir təşkilat kimi təcavüzkarın yanında olduğunu, separatizmi dəstəklədiyini nümayiş etdirdi. Yəni, AŞPA Azərbaycana münasibətdə ikili standartlar siyasətini yürütməklə özünü ifşa etmiş oldu".
Deputat hesab edir ki, əslində bu təşkilat daim qeyri-obyektiv mövqe sərgiləməklə, ayrı-ayrı dairələrin əlində bir alətdir:
"Birliyimiz kimi Ermənistanı və onun əməllərini, cinayətlərini himayə edən Fransa Azərbaycana qarşı müxtəlif platformalarda qərəzli mövqelərin yaradılmasına, formalaşmasına cəhd edir. Məhz Fransanın təşəbbüsü ilə Avropa İttifaqında ölkəmizə qarşı olduqca qərəzli müzakirələr həyata keçirilib. Hətta Fransanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında belə, bizə qarşı müzakirələr təşkil olunub. Fransa senatı tərəfindən Azərbaycana qarşı aşkar qərəzli qətnamə qəbul edilib. Düşünürəm ki, AŞPA-da da Fransanın Azərbaycana qarşı qərəzinin izi görünməkdədir. Fikrimcə, bu da təkcə Avropanın bir təşkilatının yox, bütövlükdə Qərbin iç üzünü ortaya qoyur. Yəni, onlar öz maraqlarına uyğun gəldiyi halda terrorçu, təcavüzkar, işğalçı Ermənistanı çox rahatlıqla dəstəkləyə bilərlər".Qeyd edək ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırdığını bəyan edib.
Tural Turan