“Qərb bu günə qədər dərk eləmir ki, 2024-cü ilin Azərbaycanı 1991-ci ilin Azərbaycanı deyil. Doğrudur, məkan həmin məkandır, xalq həmin xalqdır. Amma məğlub bir xalq yox, məğlub bir ölkə yox, parçalanmaq həddində olan bir ölkə yox, vətəndaş müharibəsi qarşısında olan bir ölkə yox, öz tarixində ilk dəfə olaraq suverenliyini bərpa edən, ərazisini bütövləşdirən və üçrəngli bayrağı bütün bölgələrində dalğalanan bir Azərbaycan var. Bu Azərbaycanda 10 milyon insan və onu sevənlər dəmir yumruq kimi birləşiblər. Onlar Azərbaycanın haqq işini müdafiə edən, Azərbaycanın torpaqlarını azad edən Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dayanıblar. Qərb sözün həqiqi mənasında dərk eləmir ki, Azərbaycan bu gün müstəqil dövlətdir. Azərbaycanın apardığı siyasət də müstəqildir”.
Bunu
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərli deyib.
Deputat Anar İsgəndərlinin sözlərinə görə, 44 günlük müharibə əslində Qərb dairələrinə bir ibrət dərsi olmalı idi:
“Bu 44 günlük müharibədə Azərbaycan rəhbərliyi təzyiqlərə, təhdidlərə məruz qaldı. Amma nəticəsi nə oldu? O, öz tarixi torpaqlarını azad etdi. Nəticədə Ermənistan darmadağın olundu. Ermənistanın tərəfdarları, havadarları məyus duruma düşdülər. Azərbaycandan intiqam almaq üçün ölkəmizi özlərindən özlərindən asılı vəziyyətə salmaq üçün min bir oyundan çıxdılar. Gah Azərbaycanın iştirakı olmadan haradasa bir qərar qəbul etdilər, imza atdılar, gah, Azərbaycan olan yerə özlərini də dürtmək istədilər. Bu da alınmadı. Ən nəhayət, Azərbaycan öz torpaqlarında – Laçında, öz ərazisindən keçənləri və keçə bilənləri dəqiqləşdirmək üçün gömrük postunu qoyanda da min oyundan çıxdılar. Bundan başqa Azərbaycana missiya göndərmək, humanitar yük göndərmək adı altında ölkəmizi sındırmaq istədilər. Bunların heç biri nəticə vermədi. Qərbin ədalətsiz siyasətinin nəticəsi idi ki, Azərbaycan 2024-cü ilin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərinə heç Avropa Parlament Şurasını dəvət etmədi. Azərbaycanın nədən qorxusu var idi ki?! Niyə də dəvət etməliydi?! 44 günlük müharibəyə qədər 30 il ərzində bu boyda problemi Avropa Şurası görmürdümü, görürdü. Bəyanat verirdi ki, bu Avropa Şurasının vəzifəsi deyil. Bəs indi nə baş verdi? Bəs indi bu məsələ Avropa Şurasının vəzifəsi oldu? Bir də ki, doğrudan da tarixdə belə hadisələr baş verir; hansısa dövləti qiymətləndirə bilmirsən. Xalqın imkanlarını dəyərləndirməkdə aciz qalırsan, son nəticədə də çox pis vəziyyətdə qalırsan. Avropa deyirdi ki, demokratiya beşiyiyəm, haqqı müdafiə edirəm, ədalət yuvasıyam. Bəs vaxtilə biz Avropadan nə istəyirdik. Deyirdik ki, Azərbaycanın torpaqları işğal olunub. Bildirirdik ki, bu işğalla bağlı lal durma, sözünü de, qulaqların eşitsin. Avropa Şurası isə bundan imtina etdi. O zaman Azərbaycan xalqının haqsızlığa uğradığı haqqında bir kəlmə belə deyə bilmədin. Nə oldu ki, indi “etnik təmizləmə”dən danışırsan? Bu necə etnik təmizləmə olur ki, həmin hadisələrin hər dəqiqəsi dünyanın ayrı-ayrı kanalları tərəfindən lentə alınıb?! Bəs bu etnik təmizləmə harada oldu ki, ermənilərin özləri buradan könüllü şəkildə gedəndə Azərbaycanı, azərbaycanlıları ittiham eləmədilər?! Ermənilər özləri etiraf edir ki, seperatçı rejim onlara məsləhət bilib ki, bu torpaqları tərk edin. Yaxşı, bu Avropa Şurası ermənidən artıq erməni oldu? Bütün bunların hamısı bəhanələrdir. Təbii ki, Avropa Şurası Türkiyəni görmək istəmədiyi kimi, Türkiyəyə qardaş olan Azərbaycanı da görmək istəmir”.
Professor bildirib ki, Azərbaycan da 2001-ci ildən sonra Avropa Parlament Şurasına uzun illər Qarabağ probleminin həlli ilə bağlı müraciətlər ünvanlamışdı:“O müraciətlərin heç bir nəticəsi olmadı. Bu gün Avropa Parlament Şurası “ədalətli” sifətini göstərmək istəyir. İddiaları nədir? Guya, Azərbaycanda insan hüquqları pozulur. Başqa bir “iddiaları” da odur ki, guya, “ermənilərə qarşı etnik təmizləmə" olub. Deyirlər ki, biz monitorinq qrupu göndərmək istəyirdik, siz qəbul eləmədiniz. Əccəb elədik! Harada yazılıb ki, sizlər qəbul olunmalı idiniz? Ən nəhayət, 7 fevralda keçirilən prezident seçkilərinə müşahidəçi qismində onları dəvət eləməməyimizi “əsas gətirirlər”. Lap yaxşı elədik! Müstəqil dövlət öz qərarını özü verir! 30 ilin ibrət dərsi bizə göstərdi ki, tarix boyu öz problemlərimizi özümüz həll edirik. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini də 27 ildən sonra Azərbaycan özü təkbaşına yerinə yetirdi. Bu qətnamələr 27 il kağız üzərində qalmışdı. Öz tarixi ərazilərini və viran qalan torpaqlarını azad edən Azərbaycanın özü oldu. Bu gün Avropanın hansı siyasi xadimi ölkəmizə gələrək işğaldan azad olunmuş torpaqları, dəhşətli mənzərələri görüb, onunla bağlı bir cümlə deyib?! Həmin tarixi yaşayış məntəqələrimizin məscidi, məktəbi, tarixi abidələri yerində yoxdur. Evlər, tarixi abidələr dağıdılıb. Meşələr qırılıb. Hər şey məhv edilib. Yaxşı, 2020-ci ildən bu günə qədər bir avropalının vicdanı ağrıyaraq bununla bağlı bir cümlə işlədibmi?! Bəs nə oldu?! İndi Avropada yerindən duran ağıl, öyüd vermək istəyir. Bizim həmin "öyüdlərə" ehtiyacımız yoxdur. Çünki biz AŞPA-da haqqımız, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün vardıq. Amma Avropa bunu etmədi. Bu gün isə üzərimizə hücuma keçir. Əgər bu gün Avropa bizi istəmirsə, biz niyə onları istəməliyik? Bizim buna ehtiyacımız yoxdur".
Millət vəkilinin sözlərinə görə, biz Qarabağ probleminin həlli ilə bağlı orada təmsil olunurduq:
"Həmin problemin həlli üçün heç yarımçıq addım da atmadılar. Mənə belə gəlir ki, Azərbaycan nümayəndə heyətinin qərarı tarixi və ədalətli qərardır. Avropa öz xeyirxah əlini uzatmırsa, bədnam əlini bizə uzadırsa və bizə düşmən olan, faşist təxəyyüllü, təfəkkürlü erməniləri müdafiə edirsə, deməli, erməniləri müdafiə edənlər elə onların tayıdır. Deməli, həmin qurumun təmsilçiləri də ermənilərdən artıq deyil. Dünya bir daha görsün ki, 10 milyonluq Azərbaycan xalqı tarix boyu ədalətin tərəfdarı olub".
Professor Anar İsgəndərli onu da vurğulayıb ki, 1918-1920-ci illərdə yaşayan dövlət əslində, Avropaya da çox şey anlatdı:
"Anlatdıqlarından biri də o idi ki, müsəlman Şərqində ilk parlamentli respublikanı mən qurmuşam. Azərbaycan Xalq Cümhuriyyəti Qərbə anlatdı ki, 1919-cu ildə seçkilərdə qadın və kişi bərabərliyini mən elan etmişəm. AXC Avropaya anlatdı ki, ilk parlamentli respublika qurulanda hər bir deputatın 40 min seçicisi olmalıdır - fikrindən fərqli olaraq, rəngindən, irqindən, dinindən və cinsindən asılı olmayaraq kimlər Azərbaycanda yaşayırsa, onların parlamentdə təmsil olunmaq hüququ var. Ona görə də onlar azlıqda qalan yəhudilərə də, polyaklara, almanlara və gürcülərə də 1 yer verdi. Hərəsinə bir yer! Bu, dünya tarixində olmayan hadisədir. Avropa bunları edibmi ki, bizə dərs keçməyə çalışır? Yox, etməyib! Ona görə də Azərbaycan nümayəndə heyətinin qərarını bir Azərbaycan vətəndaşı kimi, bir parlament üzvü kimi dəstəkləyirəm. Azərbaycan nümayəndə heyəti əslində, Azərbaycan xalqının ürəyindən keçən fikirləri ortaya qoydu və bu qərarı qəbul etdi".
Tural Turan