“Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi geniş müsahibədə önəmli mesajları dilə gətirmişdi. Bu müsahibədə əsas məqamlardan biri keçən dövrün qiymətləndirilməsi, gələcəklə əlaqədar açıqlamalar idi”.
Bu fikirləri
Rednews.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov deyib.
O qeyd edib ki, ölkə başçısının müsahibəsində 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etdiyi xüsusi vurğulanıb:
“Bu qələbənin əsas açarı isə xalq-iqtidar birliyi idi. Azərbaycan artıq bu eranı bitirdi. Müstəqil, suveren dövlətin ərazisində ilk dəfə olaraq prezident seçkiləri keçiriləcək. Müstəqillik tariximizdə bu bir ilkdir ki, bütün ərazilərimizdə səsvermə təşkil olunur. Azərbaycanda yaşayan bütün əhali, o cümlədən ayrı-ayrı xalqların nümayəndələri Azərbaycan vətəndaşı olaraq öz rəhbərini seçəcəklər. Beləliklə, yeni dövr başlayır”.
Deputatın fikrincə, yeni dövrdə isə təzə baxışlar, çağırışlar da ortaya çıxır.
“Bütün dünyada baş verən proseslər, ictimai-siyasi münasibətlər, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı, sosial sahədə addımlar – bütün bunlarla əlaqədar fikir mübadiləsinin aparılması, ictimai müzakirənin keçirilməsi aktuallaşır. Belə ictimai müzakirələrdə alimlər, ziyalılar, sənət adamları, siyasətçilər, siyasi partiya rəhbərləri öz təkliflərini irəli sürməlidirlər. Onlar gələcəyi necə görürlər, perspektivləri dəyərləndirirlərmi, Azərbaycanın inkişafı, yeni ideologiyası necə olmalıdır? Bütün bunlar isə təməl üzərində qurulur. Azərbaycanın müstəqillik təməli ümummilli lider tərəfindən elə möhkəm əsaslarla qurulub ki, onun üzərində hansı binanı istəsən, ucaltmaq olar. Gələcək inkişaf, yüksəliş istiqamətinə yönəlir və bununla bağlı təkliflər verilməlidir. Milli Məclisin üzvləri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, ayrı-ayrı təsisatlar “Gələcəyə baxışımız necə olmalıdır?”sualını düşünməlidir” – deyə, S. Novruzov əlavə edib.
Tural Turan