"Canab prezident yerli telekanallara müsahibəsində çox doğru qeyd etdi ki, artıq yeni era başlayıb. Dünyada gedən proseslər onu göstərir ki, artıq dünya nizamında bir çox yeniliklər baş verib. Əvvəllər birqütblü dünya idisə, indi ikiqutblü dünyaya doğru gedirik. Reallıq ondan ibarətdir ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən kifayət qədər qüvvələr var. Ələlxüsus, bəzi Qərb dairələri ölkəmizə qarşı çox qərəzli, ikili standartlardan irəli gələn ədalətsiz mövqe sərgiləyirlər. Biz bunu Fransanın timsalında da gördük. Gördük ki, Fransa senatı yeni bir qətnamə qəbul etdi. Artıq Azərbaycan əleyhinə yeni sanksiyaların qəbul olunması istiqamətində iş aparırlar. Üstəlik, Ermənistan vasitəsilə onların Cənubi Qafqaza müdaxilə etmələrinin şahidi oluruq".Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Milli Məclisin deputatının fikrincə, Cənubi Qafqaz yenidən geosiyasi qüvvələrin rəqabət meydanına çevrilməkdədir:
"Bu baxımdan, yeni era başlayır. Təbii ki, burada Azərbaycanın tutduğu mövqedən, rəsmi Bakının apardığı siyasətdən çox şey asılıdır. Biz müasir dünyanın bir parçası olaraq, maksimum dərəcədə çalışmalıyıq ki, hazırkı geosiyasi proseslərdə dövlətimizin bütövlüyünü, ərazi bütövlüyümüzü, suverenliyimizi, müstəqilliyimizi qoruyub saxlayaq. Yaxın Şərqdə gedən proseslər də göstərdi ki, müharibə daha da geniş arealı əhatə edir. Daha geniş coğrafiyaya yayılır. Belə bir zamanda geosiyasi qüvvələrin proksi qüvvələri vasitəsilə müharibələr apardığı hər kəsə bəllidir. Ancaq elə ola bilər ki, proseslər yeni bir mərhələyə keçə bilər, bu da istisna deyil. Həmin geosiyasi qüvvələrin proseslərdə birbaşa iştirakı da mümkündür. Bu baxımdan, hesab edirəm ki, maksimum dərəcədə milli birlik nümayiş etdirilməlidir. Azərbaycan xalqının prezidentin arxasında olması çox vacibdir".
Nəsib Məhəməliyev 2024-cü ildə Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalanıb-imzalanmayacağına da münasibət bildirib:
"2024-cü ildə Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsinin imzalanacağı ilə bağlı o qədər də nikbin deyiləm. Zəngəzur dəhlizinin açılması istiqamətində müəyyən addımlar atıla bilər. Ancaq burada tək Ermənistan və Azərbaycanla yanaşı, digər xarici aktorların da ciddi fəaliyyəti var. Yəni Rusiya ilə Ermənistanın münasibətlərindən çox şey asılıdır. Eyni zamanda, burada Qərblə Ermənistanın münasibətləri də xüsusi rola malikdir. Ermənistan müstəqil siyasət aparmaq, müstəqil qərarlar qəbul etmək iqtidarında deyil. İrəvana hansı tapşırıqlar verilirsə, Ermənistan hakimiyyəti onu da icra edir".
"İrəvan Kremldən uzaqlaşmaq yolunu tutarsa, Moskvanın buna qarşı addımı daha da sərtləşə bilərmi, hətta Ermənistanın baş naziri devrilə bilərmi və ya ona qarşı süi-qəsdlərin təşkili mümkündürmü?" - sualına deputatın reaksiyası birmənalı olub:
"Belə bir ehtimallar var. Rusiyanın ayrı-ayrı politoloqları açıq şəkildə bəyan edirlər ki, Ermənistanı biz yaratmışıq. Yəni indiki Ermənistan respublikasını 1918-ci ildə faktiki olaraq Rusiya yaradıb. İndi Nikol Paşinyan hakimiyyəti maksimum şəkildə çalışır ki, Rusiyadan üz döndərsin, Qərblə yaxınlaşsın. Bundan başqa, Ermənistan hakimiyyəti Qərbin Rusiya ilə ciddi rəqabətdə olan qüvvələrini, konkret olaraq Fransanı bölgəyə gətirmək istəyir. İnanmıram ki, Rusiya belə bir vəziyyətlə barışacaq. Bu, sadəcə mümkün deyil. Bu baxımdan, hesab edirəm ki, əgər İrəvanın siyasi kursu bu cür davam edəcəksə, Ermənistana təzyiqlərin ardı gələcək. Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanması məhz bu baxımdan, xarici aktorların bölgəyə münasibətindən çox asılıdır. Məsələ ondadır ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət aparır. Amma İrəvanın belə bir immuniteti yoxdur. Ermənistan Rusiyadan aşırı dərəcədə asılı olduğu halda, Qərbə doğru siyasət aparmaq istəyir".
Tural Turan