“Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) azərbaycanafobiya və islamofobiya mühiti fonunda təşkilatla əməkdaşlığını dayandırması yerində qərardır”. Bu fikirləri
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O qeyd edib ki, son dövrdə, xüsusilə, Makron hökumətinin birbaşa təzyiqi və təşkilatçılığı ilə Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qərəzli mövqe sərgilənirdi:
“Təəssüf ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən, Azərbaycanla bərabərhüquqlu münasibətlərdən narahat olan qurumlar, belə yanaşmanı təşkil edən siyasi dəllallar konkret olaraq Azərbaycanı nüfuzdan salmağa çalışırdılar. Onlar Ermənistanı gücləndirmək, rəsmi İrəvana nə yolla olur olsun, dəstək göstərmək istəyirdilər. Azərbaycana qarşı ittihamlar səsləndirərək, ölkəni daima təzyiq altında saxlamağa cəhd edirdilər. Heç bir əsası olmayan, şər, böhtandan ibarət yanaşmalar onların gələcək planlarına hesablanıb. Qərb dairələri 5-10 il sonra yenidən Azərbaycana qarşı məqsədyönlü hücumlar təşkil etmək üçün zəmin hazırlayırlar. Erməni təəssübkeşliyindən irəli gələrək, Azərbaycanı çətin vəziyyətə salmaq üçün yeni üsullardan istifadə etmək istəyirlər”.
Deputatın sözlərinə görə, dəfələrlə beynəlxalq təşkilatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında rüşvətxorluq, korrupsiya, ayrıseçkilik, etnik və dini nifrət, ikili standartlar, şovinizm hallarına şahid olmuşuq: “Orada başqa xalqların, millətlərin hüquqları heç bir zaman qorunmur. Daha çox xristian mövqeyi ön plana çəkilir. Müsəlman və türk dövlətlərinə qarşı həmişə ikili standartlar tətbiq edilir. Nəticə etibarilə Azərbaycanın qazandığı uğurları sinirə bilmədiklərini açıq nümayiş etdirirlər.
Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qəbul edilmiş bu qərar AŞPA rəhbərliyini bir daha düşünməyə vadar edəcək. Onlar xatırlayacaqlar ki, Azərbaycan kimi bir tərəfdaşı itirmək təhlükəsi var. Azərbaycan Avropa enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətdir və Azərbaycanı itirmək ümumilikdə regionda münasibətləri zəiflətməyə gətirib çıxara bilər. İnanıram ki, vaxt gələcək ədalətli siyasətçilər bu gün edilmiş səhvləri düzəltmək məcburiyyətində qalacaqlar”.
Tural Turan