Tovuzlu fermerlər payızdan bəri 7 ay keçməsinə baxmayaraq, soğanlarını hələ də sata bilmirlər. Fermerlərdən bəziləri hətta bankdan böyük miqdarda kredit götürüb soğan əkib, indi isə 100 tonlarla məhsul xarab olur. Gün ərzində yüz kiloqramlara soğanı zibilə atmalı olan fermerlər məcbur qalıb hazırda soğanın bir kisəsini hətta 2 manata satsalar da, alıcı tapa bilmirlər.
Yüz tonlarla soğan anbarlarda xarab olur. Tovuzlu fermerlər ötən mövsüm əldə etdikləri məhsulu satmaqda çətinlik çəkir. Alıcısı olmayan 300 tondan çox məhsulun artıq bir qismi tamamilə xarab olub.
Rednews.az-ın bölgə müxbirinin məlumatına görə, fermerlərin min bir əziyyətlə əkib-becərdiyi soğanın bu il satışının zəif olması səbəbindən tonlarla məhsul məhv olmaq üzrədir. Hazırda bir kisə soğanın qiyməti 2-3 manata təklif edilir ki, ona da alıcı tapılmır.
Ötən 7 ay ərzində məhsullarını satışa çıxarsalar da, alıcı kütləsi fermerləri qane etməyib. Öncə kisəsini 12 manata təklif etsələr də, indi qiymət həddən artıq aşağı düşüb. Keçən il bu məhsulun kisəsi hətta 22-23 manata təklif olunurdu. İndi həddən artıq ucuzluqdur, bununla belə, alıcı tapılmır. Fermerlər deyirlər ki, əsas alıcı kütləsi iri şəhərlərdə, paytaxtdadır. Yerli bazarlarda isə tələbat bir o qədər olmur.
Fermer Əhməd Hüseynov: “8 ha soğan əkmişəm,soğanın aqibəti görürsüz - çürüyüb gedir, alıcı yoxdu. Kredit götürmüşük, ödəyə bilmirik. Bu saat 2 manata, 3 manata veririk. Xaricdən soğan gətirirlər, yerli soğana yaxın duran yoxdur. Keçən il yaxşı idi, bir kisəsini 10, 15, hətta 20 manata satırdıq. Amma bu il 2 manat 3 manat. Əkilməyinə xərc çəkmişik, İndi də bu qədər soğanın anbardan təmizlənməsi üçün maşın tutub zibil yeşiyinə tökmək də xərc tələb edir. 8 min setka, yəni, 150 ton soğan batıb, alıcı olsa, hara olsa göndərərəm”.
Fermer Anar Hüseynov: “5 hektar sahədə soğan əkmişdim. 200 tona yaxın məhsul becərdim, bunun üçün kredit götürmüşəm, indi sata bilmirəm. Alıcı da yoxdur. İstehlakçılar xarici soğanlara üstünlük verirlər, bizim malımız da anbarlarda qalıb. Məhsulu saxlamaq üçün anbarı icarəyə götürmüşəm, bir kisə soğanın xərci indi 7-8 manata gəlib çıxır. Hələ 5-6 KamAz-la bir xarab soğan tökdürmüşəm. 3-4 min də ona xərc çəkmişəm. İndi yerində qalanı da satmaq üçün də alıcı tapa bilmirik. Kreditimiz var, ödəniş etmək lazımdır. Məhsul da burda batıb gedir. Sığorta elətdirə bilməmişəm, Bir belə soğanım varsa, 10 min- 15 min gərək sığortaya verəsən, Mən nə qazanıram ki, sığortaya o qədər verim?!”.
Fermerlər deyir yerli bazarlara xaricdən soğan gətirilir ki bu da yerli soğanların satışına mane olur.
Fermer Elbrus Məmmədov: “6 hektar soğanı yığıb gətirmişik, tökmüşük bazarın pavilyonuna. Alıcılıq qabiliyyəti sıfra bərabərdir. Sata bilmirik, Gördüyünüz kimi, xarab olan malları çıxardırıq. Kredit götürmüşük, satış yoxduki biz verə o krediti. Əslində, əvvəlindən də alıcı qüvvəsi olmayıb Belə ki böyük şirkətlər xaricdən gələn malla işləyib. Bizim malın keyfiyyəti xaricdən gələn maldan çox üstündür. Amma qiymət məsələsi var, xaricdən gələn malın qiyməti bizim maldan ucuzdur. İndi bizim malı iki manata da istəyən yoxdur. Bu dəqiqə kisəsini 2 manatdan istəyən olsa, verirəm. Dərdimiz bir deyil, indi gəl, bunu xərc çək, apar, tök, bunun üçün büdcəmiz də yoxdur. Vəziyyətimiz acınacaqlıdır. Bu bizə tövbə oldu, satılmırsa, yalandan kredit götürüb məhsul yetişdirməyin mənası yoxdur. Xarici bazara çıxartmaq üçün də imkan yoxdur”.
Fermer Süleyman Aslanov: “Məhsul bol oldu, alıcısı yox. Yəqin bizə növbə gəlib çatmadı, keçən il alverimiz çox yaxşı oldu. Alıcılar özləri gəlib alırdı, qapıdan gəlib alırdılar. Mənim kimi, digər fermerlər də ziyan görüb. Hesab edirəm ki, bazarda təklif tələbdən yüksək oldu, səhv bizdədir, çox əkdik, indi də ziyan çəkirik".
Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri də məsələ ilə bağlı şifahi olaraq bildirib ki, soğanın satışında yaranan çətinlik, ilk növbədə, məhsulun çox olması ilə əlaqədardır. Fermerlər öncədən aqronomlar və digər bitkiçilik üzrə mütəxəssislərlə məsləhətləşib əkin aparmalıdırlar.
Qeyd edək ki, Tovuz rayonunda ümumilikdə, 210 hektar sahədə soğan əkilib və ondan da 5 495 ton məhsul əldə edilib. Hazırda isə səpin işi davam edir və ilkin rəqəmlər onu deməyə əsas verir ki, bu il ötən ilkinə nisbətən az soğan əkiləcək.
Rübabə SAHİB