Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yeni şeyxi Hacı Faiq Nəbiyev ilə görüş keçirib.
Rednews.az xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı səfir F.Nəbiyevi şeyx seçilməsi münasibətilə təbrik edib, ona bu çətin və şərəfli vəzifəsində uğurlar arzulayıb.
Söhbət zamanı səfir F.Quliyev Azərbaycan dövlətinin humanitar sahədə Gürcüstanda həyata keçirdiyi layihələrdən, hazırda dost, qardaş Gürcüstanla Azərbaycanın sürətlə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının bundan sonra da Gürcüstanda yaşayan soydaşlarımızın müxtəlif sahələrdə inkişafı üçün daima dəstəyini əsirgəməyəcəyini vurğulayıb.
Öz növbəsində təbrikə görə minnətdarlığını bildirən şeyx F.Nəbiyev hazırda Azərbaycan-Gürcüstan münasibətlərinin sürətlə inkişaf tempini müşahidə etdiklərini, Azərbaycan dövlətinin təhsil, mədəniyyət, dini sahədə sosial layihələrə dəstəyini qiymətləndirdiklərini qeyd edib. Şeyx xüsusilə uzun müddət Azərbaycan Respublikası tərəfindən Gürcüstandakı məscidlərin təbii qazla təminatına görə təşəkkürünü edib.
Görüşün sonunda diplomat Faiq Quliyev Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi qismində ilk xarici səfəri kimi Azərbaycan Respublikasına gözlənilən səfərində Faiq Nəbiyevə uğurlar diləyib.Elçin