Ağstafada bıçaqlanma hadisəsi olub.
Rednews.az-a daxil olan məlumata görə, hadisə Ağstafa şəhərinin ərazisində yerləşən çayxanalardan birinin qarşısında qeydə alınıb.
Bıçaqlanan şəxs Ağstafa şəhər sakini 37 yaşlı Babayev Nuran Sahil oğlu tanışı tərəfindən bıçaqlandığını bildirib.
Yaralı halda özünü xəstəxanaya çatdırdığını söyləyən Nuran Babayev yarı yolda huşunu itirərək yıxıldığını dilə gətirib.
Rayon xəstəxanasının şöbə müdiri Həcər Namazovdan aldığımız məlumata görə, yanvarın 24-də Babayev Nuran Sahil oğlu təcili yardımla səhiyyə ocağına gətirilib:
"Müayinə olunub, döş qəfəsinin ön səthinin qarının sol yarısının və bel nahiyyəsindən kəsilmiş, deşilmiş yarası ilə xəstəyə ilkin yardım göstərilib. Müayinələrdən sonra cərrahiyyəyə, stasionar şöbəyə götürülüb. Xəstənin vəziyyəti normal qiymətləndirilir".
Zərərçəkən bildirir ki, hadisəyə səbəb onu bıçaqlayan 33 yaşlı tanışı Mahir Kazımovun onun ailəsinə zəng etməsi olub. Bundan sonra məsələyə aydınlıq gətirmək üçün Mahir Kazımovla Nuran Babayev görüşüblər. Zərərçəkənin bildirdiyinə görə, söhbət edib ayrıldıqdan sonra Mahir onu arxadan bıçaqlayıb.
Ağstafa rayon polis şöbəsinin əməkdaşları dərhal əməliyyat keçirərək, hadisəni törədən 1991-ci il təvəllüdlü Mahir Kazımovu saxlayıblar.
Faktla bağlı Ağstafa rayon polis şöbəsində araşdırma aparılır.
Rübabə SAHİB