İsrail-İran arasındakı gərginlik nə zaman aradan qalxacaq?
Artıq 10 gündən çoxdur ki, Yaxın Şərqdə İsrail-İran arasında gərginliyin pik həddi yaşanmaqdadır. İsrail Avropa İttifaqını İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Rednews.az xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, İsrail XİN rəhbəri İsrail Kats İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra “pirat əməliyyatı” keçirməkdə və “beynəlxalq hüququ pozmaqda” ittiham olunub. Eyni zamanda İsrail Prezidenti İsxak Hersoq İranın İsrailə hücumunu müharibə elanı adlandırıb. Bu barədə Prezident Böyük Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib.
“Gecə Yaxın Şərqdə dörd istiqamətdən hücuma məruz qaldıq, İranın marionet qüvvələri atəş açırdı, raketlər, ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutulduq. Bu, əsil müharibəyə bənzəyir. Yəni bu, müharibə elanıdır”, – Hersoq vurğulayıb.
Bundan başqa aprelin 13-dən 14-ə keçən gecə İran tərəfindən İsrail səmasına atılan raket və dronlar böyük qarşıdurmanın başlanğıcı olacağından xəbər verir. Hətta xarici Ulusal.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ İsrail ordusuna kömək etmək üçün tam qüvvə ilə köklənib.
Bəs, bu qarşıdurmanın sonu görünürmü? Görünürsə nəticəsi necə olacaq?
Bununla bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Rednews.az saytına açıqlamasında bunları deyib:
"Siyasi karyerası sona çatmış və İsraili bataqlığa soxmuş Netanyahunun məqsədi, savaş coğrafiyasını genişləndirməkdir. Bunun üçün İranı savaşa cəlb etmək istəyir". Ə.Zülfüaroğlu əlavə edib ki, İsrail Qəzzadakı əməliyyatlarla 30 mindən artıq mülki vətəndaşı qətlə yetirməsi dünya ictimaiyyətinin təpkisini İsrailə yönəldib: "Bu, eyni zamanda ABŞ hökumətinə də Amerika xalqının təzyiqlərini artırır və hazırki prezident Baydenin reytinqinə mənfi təsir edir. Netanyahunun da Qəzzada irimiqyaslı dağıntı törətməkdə məqsədi məhz budur. Bununla da, ABŞ-dakı seçkiyə qədər bu vəziyyəti davam etdirmək və Trampın hakimiyyətə gəlməsi üçün ABŞ ictimaiyyətinin reaksiyasını məhz Baydenə yönəltmək istəyir. ABŞ hökuməti də bunun fərqindədir. Ona görə də İsrailin Qəzzadakı hərbi əməliyyatlarını mütəmadi olaraq tənqid edir".
Ə.Zülfüaroğlu bildirib ki, İranın İsrailə qarşı geniş hərbi əməliyyatlara başlaması İsrailin təhlükəsizlik məsələsini önə çıxaracaq və beləliklə də, Netanyahu həm dünya ictimaiyyətinin dəstəyini qazanacaq, həm də Vaşinqton Təl-Əvivə dəstək verməyə məcbur olacaq: "Son sorğular göstərir ki, ABŞ-də savaşa qarşı olan əhalinin sayı 40 faizi keçib. Eyni zamanda müsəlman seçicilər də savaş istəmir. ABŞ-nin bölgədə savaşa girməyə məcbur olması ABŞ hökumətinin Netenyahu ilə razılığa gələ bilməməsi, nəticədə, savaşın qarşısına keçə bilməməsi görüntüsü yaradacaq. Bu isə seçicilərin ABŞ hökumətinə qarşı etimadını daha da sarsıdacaq. Bununla da, Netanyahunun siyasi ömrünü uzatmaq üçün yeganə ümid yeri olan Trampın hakimiyyətə gəlmə şansı yüksələcək. İran da Trampın deyil, Baydenin hakimiyyətdə qalmasında maraqlıdır. Buna görə də, İran indiki ABŞ hökumətinin istəyinə uyğun olaraq İsraillə birbaşa savaşa girməkdən yayınacaq. Sadəcə proksi qüvvələri vasitəsilə İsrailə təzyiqləri davam etdirməklə Netanyahuya qarşı daxili etirazları yüksəltməyə çalışacaq. Ona görə də, İran-İsrail gərginliyi ənənəvi qaydada davam edəcək".
Ağa Dadaşzadə