"Rusiya sülhməramlılarının Qarabağ İqtisadi rayonunda xidmət müddəti 10 noyabr Bəyannaməsinə görə, 2025-ci ilə qədər nəzərdə tutulub. O zaman, Qarabağın bəlli yaşayış məskənlərində ermənilər yaşayırdı və sülhməramlıların vəzifəsi onların təhlükəsizliyini təmin etmək idi. İndi vəziyyət dəyişib. Ermənilər bölgəni tərk edib". Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin deputatı
Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, sülhməramlıların gələcək taleyi, Azərbaycanla Rusiya arasında aparılan danışıqlardan və bölgədə gedən proseslərdən asılı olacaq:
"Əgər, biz sülhməramlıların ölkədən çıxarılma məsələsini qaldırsaq, Rusiya bunu, şübhəsiz icra edəcək. Sirr deyil ki, Fransa, Ermənistan vasitəsilə regiona daxil olmaq istəyir və Avropa İttifaqının “müşahidə missiyası” adı altında keçmiş hərbçilərdən ibarət dəstələri sərhəddimizdə yerləşdirir. Təbii ki, belə davranışlar sülhə yox, gərginliyin artmasına səbəb olur. Belə olan halda, Fransanın son zamanlar ölkəmiz əleyhinə apardığı ermənipərəst, düşmənçilik siyasətinin neytrallaşdırılmasına zərurət yaranır. Hesab edirəm ki, gələn il rusiyalılar bölgəni tərk edəcəklər. Açıq desək, hal-hazırda, onların varlığı bizə hansısa maneə yaratmır. Əsas məsələ bu deyil, bölgədə yeni müharibənin olmamasıdır. Ruslarla lazım olan zaman dil tapa və hərbçiləri yola sala bilərik".
Tural Turan