İstər ölkəmizdə, istərsə də beynəlxalq arenada həmişə səmimi, samballı, özünü-sözünü bilən ziyalı kimi xüsusi yeri olan rəssam
Nəvai Metinlə Şuşa səfərinə çıxarkən danışdıq. Danışarkən, sözarası, -
“uzun zamandır Qarabağ, xüsusən Şuşanı çəkmək istəyirdim, amma görmədən çəksəm, ona yaraşan olmazdı, sünilik olardı”- deməyi ilə qəribə bir məcraya yönəldi söhbətimiz. Beləcə, sizinlə də fırçaya bürünmüş rəssam, şair ürəyinin heyrət və həqiqətlərini bölüşmək qərarına gəldim.
Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin Təmsilçisi, Rəsm Komitəsinin başkanı Nəvai Metinlə Şuşa söhbətimizi izləyicilərimizə təqdim edirik.
Nəvai bəy, bir anda Şuşaya getmək istəyi necə yarandı? Açığı, Şuşaya bu səfər mənim üçün gözlənilməz oldu.
Belə ki, təsadüf bir elan qarşıma çıxdı və qoşuldum o qrupa getdim Şuşaya.
Amma özüm istədiyim səfər idi, reallaşmamışdı. Bu dəfə şansı əldən vermədim, getdim. Hətta onu deyim ki, yol boyunca Akif Səmədin bu şeiri ağlımdan çıxmadı:
Şuşada güllər gülürmü
Dağına duman gəlirmi?
Xudu məllim bilirmi?
Şuşaya gedə bilmirəm.
Şuşasız evim evdimi?
Yaşayan mənəm, divdimi?
Kimə deyim dərdimi,
Şuşaya gedə bilmirəm
Uduzduq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm,
Şuşaya gedə bilmirəm!
Getməkdə məqsəd nəydi soruşsanız, uzun müddətdir ki, torpaqlarımız işğal altında idi. Bu mənim başka ölkələrə səfərlərimdə heç söhbət açmaq istəmədiyim bir mövzu idi. Ama torpaqlarımız azad olunduqdan sonra utanc hissi məni azad buraxdı. Bu hissləri bizə yaşadan, öz qanları, canları bahasına bizə bəxş edən şəhidlərimiz və qazilərimiz oldu. Və o yerlərə getməyi, şəhidlərin ruhu qarşısında baş əyməyi, onları yerində yad etməyi özümə borc bilmişəm. Və hesab edirəm ki, bu səfərdə az da olsa, istəyimə çatdım, biraz mənəvi rahatlıq tapdım.
Şuşanı gördükdən sonrakı təəssüratlarınız necə oldu? Yəni əvvəlki düşüncələrinizlə indiki arasında nələr dəyişdi? Şuşada bu gün görülən işlər ürəkaçan olduğu qədər qürurvericidir. Yenə gözümdə xalqın birliyi canlandı, bütün sahələrdə çalışan insanların mehribanlığının və birliyinin şahidi oldum.
Şuşayla bağlı növbəti planlarınız nədir?Bildiyiniz kimi, mən ARA (aktivist rəssamlar assosiasiyası) -nın rəhbəriyəm. Qrup üzvləriylə bərabər bir çox bölgələrimizə səfərlər edir, əhali arasında canlı rəsmlər çəkir, təbliğat-təşviqat işləri aparırıq. Bu səfəri kəşfiyyat xarakterli səfər də adlandırmaq olar. Yolları öyrənmək istədim. Gələcəkdə üzvlərimizlə birlikdə Qarabağa da səfərlər təşkil etmək fikrindəyəm. Assosasiyanın üzvləri o yerləri görsün gərək. Tarixi təkcə tarixçilər yazmır, sənət adamları, rəssamlar musiqiçilər şairlər yazıçılar yazır, bu baxımdan sənət adamları o yerləri görməlidir.
Bundan başqa, həmişə Qarabağ mövzusunda rəsmlər çəkmək istəmişəm. Ancaq o yerləri görməmişdim deyə çəkmirdim. Süni alınmasın deyə. Və artıq düşünürəm ki, indən belə göz yaddaşıma köçürdüyüm mənzərələrə müraciət edəcəyəm. Təəssüflər olsun ki, günümüzdə hələ də sanballı bir sənət əsəri yaranmayıb. Yaranıbsa da “xalq” yazıçıları, şairləri, rəssamları elə sipər çəkiblər ki, layiqli əsərlər görünmür. Sərgi , nümayiş, göstəri xatirinə yazılan ,çəkilən, bəstələnən əsərlər səmimi ola bilməz.
Şuşanı rəssam gözüylə hansı simvola bənzədirsiniz?44 günlük müharibə günləri mənə elə gəlir ki, uzun müddət yaddaşlardan çıxmayacaq. Həmin günlərdə xalqımızın bir yumruq kimi necə birləşdiyinin şahidi olduq. Mənə elə gəlir ki, Şuşa və ümumiyyətlə, Qarabağ “birlik” rəmzi, simvolu kimi uzun müddət qalacaq. Şuşa deyəndə xalqın qələbəsini, birliyini, mübarizliyini, mərdliyini xatırlayacağıq.
Qeyd edək ki, Nəvai Metinin 1989-cu ildən mütəmadi olaraq mətbuatda əsərləri nümayiş olunur. Fərdi və qarışıq sərgilərin iştirakçısıdır. Bir çox kitabların tərtibatçısıdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Növbəti Şuşa səfərində Qarabağ rəssamların gözündə reportajımızda görüşmək diləyilə...
Rübabə SAHİB