Seçki Müşahidə Təhlil Qrupu koalisiyasının üzvləri prezidentliyə namizədlər: Milli Cəbhə Partiyasından(MCP) namizədliyi irəli sürülmüş Razi Nurullayev və Böyük Azərbaycan Partiyasının (BAP) vahid namizədi Elşad Musayevlə görüşüblər.
Rednews.az-a daxil olan məlumata görə, görüşlər zamanı prezidentliyə namizədlərə Seçki Müşahidə Təhlil Qrupunun fəaliyyəti haqda məlumat verilmiş, bu xüsusda geniş fikir mübadiləsi aparılmışdır.
Namizədlərin seçki platformalarının əsas diqqət çəkən məqamları diqqətə çatdırılıb, seçkilər ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyətlə, eləcə də seçki kampaniyası ilə bağlı fikir və mülahizələri dinlənilib.
Seçki kampaniyası çərçivəsində namizədlərin qarşılaşdığı problemlərin həlli yolları, onların aradan qaldırılması yolunda atılmalı olan addımların vacibliyi vurğulanıb. Hər iki namizəd koalisiya üzvlərini maraqlandıran sualları cavablayıblar.
Qeyd edək ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkanar seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış “Seçki Müşahidə və Təhlil Qrupu” koalisiyasına Rafiq İsmayılovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz, Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı və Osman Gündüzün rəhbərlik etdiyi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi daxildir.