Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək sayca 68-ci “Avroviziya 2024” mahnı müsabiqəsinə hazırlıqların son işləri aparılır.
Bununla bağlı Rednews.az saytına Avropada yaşayan azərbaycanlı jurnalist Tural Abdulla açıqlama verib. 12 ildir “Avroviziya” mahnı müsabiqəsində iştirak edən Tural hazırlıqların tam sürətlə aparıldığını bildirib: “Məlumdur ki, “Avroviziya 2024” mahnı müsabiqəsinin başlamasına 1 aydan da az vaxt qalır, hazırlıqlar tam sürətlə gedir. İldən-ilə müsabiqənin daha yaddaqalan, daha mükəmməl baş tutması üçün innovativ addımlar atılır. Nəzərə alsaq ki, İsveçin sonuncu qələbəsi ölkəni İrlandiya ilə bərabərləşdirdi (hər iki ölkə 7 dəfə qalib olub), bunun nəticəsi olaraq İsveç 2024-cü ildə bir daha mötəbər yarışa ev sahibliyi edəcək. İndidən yarışın yüksək səviyyədə baş tutacağına əmin ola bilərik".
37 ölkənin mübarizə aparacağı yarış ötən illərdən daha maraqlı olacağı gözlənilir. Belə ki, bu il sonuncu dəfə 1993-cü ildə iştirak etmiş Lüksemburq yarışa yenidən qayıdır.
Qeyd edək ki, bu il yarış 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Avroviziyada Azərbaycanı Fahree ilə İlkin Dövlətov təmsil edəcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.
Ağa Dadaşzadə