"Azərbaycan nümayəndə heyətinin AŞPA-nı tərk etməsi gözlənilirdi". Bunu
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, 25-30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistan bir dəfə də Avropa Şurası Parlament Assambleyası tərəfindən tənbeh edilməyib:
"İşğal faktına görə, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin qarşısında sərt tələblər qoyulmayıb. Azərbaycan torpaqlarından çıxın, o torpaqları azad edin - deyilməyib. Hətta Azərbaycan torpaqlarını azad etməsəniz, sizin AŞPA-dakı nümayəndə heyətinizin səlahiyyətlərini donduracağam" fikrini də səsləndirməyiblər. Buna bənzər hər hansı bir fikrin səsləndirilməsini 20-25 il ərzində eşitmədik. 2008-ci ildə Ermənistanda prezident seçkiləri keçirilmişdi. Həmin seçkilərdən sonra 10 nəfər şəxs öldürülmüşdü, 80-dən çox adam yaralanmışdı. Bir neçə yüz nəfəri həbsxanaya salmışdılar. Amma Avropa Şurası Parlament Assambleyası Ermənistanda keçirilən bu seçkilərlə bağlı hər hansı qərar qəbul etmədi. "Normal seçki" olduğunu vurğuladılar. Həmin vaxt Ermənistanda baş verənlərə görə, işğalçı ölkənin nümayəndə heyətinin fəaliyyətini dondurmadılar".
Deputat Rasim Musabəyovun sözlərinə görə, bunların hamısı bizim gözümüzün qabağında baş verib:
"İndi gəlib Azərbaycana ilişirlər. Ona görə ki, Fransa prezidenti Makron Azərbaycana qarşı kin bəsləyir, çünki Azərbaycan onu öz məsələlərindən kənarda qoyub. İndi Fransa Almaniya ilə cütləşərək Azərbaycanın üzərinə yeriməklə məşğuldurlar. Azərbaycanı uşaq kimi küncə qoymaq istəyənlərə rəsmi Bakı cavabında bildirdi ki, buyurun, özünüz oxuyun, özünüz də oynayın. Əslində bizim Avropa Şurasına heç bir ehtiyacımız yoxdur. Biz ona görə həmin quruma qoşulduq ki, meydanı ermənilər üçün saxlamayaq, sözümüzü deyək, mübarizəmizi aparaq. Bunlar isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Hər vəchlə Azərbaycana ilişməyə, sataşmağa çalışırlar. O zaman buyursunlar, amma bizsiz! Düşünürəm ki, bu qərarın davamı da ola bilər. Hələlik AŞPA-dakı Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini dondurub, biz həmin qurumdan çıxmamışıq. Amma Avropa Şurası heç də AŞPA ilə kifayətlənmir. Avropa Şurasının Nazirlər Kabineti də var. Düşünürəm ki, Azərbaycan orada da müəyyən məsələləri qaldıra bilər. Rəsmi Bakı həmin platformada da özünə hörmətin təsdiq olunmasını gözləyəcək. Düşünürəm ki, Azərbaycan orada da müəyyən məsələləri qaldıraraq özünə hörmətin təsdiq olunmasını gözləyəcək, əks halda rəsmi Bakı Avropa Şurasını tərk etməklə bağlı qərar qəbul edə bilər. İnanın mənə, Azərbaycan bunun nəticəsində heç nə itirəsi deyil. Təbii ki, Avropa Şurası müəyyən mənada dövlətin Avropa ailəsinin üzvü olmasının təzahürüdür. Bu təşkilata üzv olmayan digər ölkələrin də hörməti az deyil! Qazaxıstanın və bu quruma üzv olmayan digər ölkələrin nə müstəqilliyi, nə də hörməti az deyil! Əgər Avropa bu cür siyasətinə davam edərsə, əminəm ki, bizdən sonra Türkiyə də bu təşkilatı edə edəcək. Bundan sonra nə ilə məşğul olacaqlar, Britaniyanı tərbiyə edəcəklər, yoxsa İsveçrəni? İndi bu quurmda təmsil olunanların sayı 27-ni keçib. On dövlət də bu təşkilata namizəddir. Fikrimcə, Avropa Birliyi yaradılandan sonrə bu təşkilat öz gündəliyini itirib. Əslində baş verən proseslərə baxdıqda, bu addımların nəticəsi kimi, bundan sonra Avropa Şurasının mövcudluğu sual altına düşə bilər".
Tural Turan