"Əslində Azərbaycan Avropa Şurasından çıxmayıb. Onsuz da bizim AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsi də təsdiq olunmayıb. Yəni, təklif var idi ki, təsdiq edilməsin. Burada iki məsələni bir-birinə qarışdırmamalıyıq. Birincisi, Azərbaycan iqtidarı ilə Azərbaycan dövləti məsələsidir. Düşünürəm ki, Avropa Şurasındakı münasibət təkcə Azərbaycan iqtidarına deyil, həm də Azərbaycan dövlətinə qarşıdır. Əslində bu basqılar seçki azadlığı məsələsinə görə deyil. Siyasi məhbuslar məsələsinin, Azərbaycandakı media azadlığı məsələsinin də bu basqılara heç bir aidiyyatı yoxdur. Əgər belə olsaydı, Azərbaycanın Avropa Şurasına üzv olduğu illər ərzində buna bənzər sanksiyalar və başqa təzyiq vasitələri gündəmə gələrdi, aktual olardı. Bundan da çox repressiyalar, bundan da çox həbslər olan dövəmlər var idi. Amma budəfəki hadisələrin kökündə sırf Azərbaycanın ərazi bütövlüyünü təmin eləməsi, ölkəmizin Zəngəzur dəhlizinin açılmasını tələb etməsi məsələləri dayanır". Bunu
Rednews.az-a açıqlamasında AĞ Partiya başqanı
Tural Abbaslı deyib.
Müxalifət təmsilçisi bildirib ki, Azərbaycan regionda müstəqil siyasət yürütməyə başlamasından sonra bu basqılar, təzyiqlər artıb:
"Rəsmi Bakının Avropa Şurasının qərəzli münasibətinə cavabı adekvatdır. Düşünürəm ki, burada söhbət iqtidardan və ya müxalifətdən yox, Azərbaycanın dövlət olaraq duruşundan gedir. Kimlərsə bizə şantaj, hədə-qorxu və Azərbaycanın adını aşağılamaqla təhdid edirsə, biz ona bu imkanları verməli deyilik. Fikrimcə, Azərbaycanın həmin təşkilatda təmsil olunmasında Avropa Şurasının daha çox maraqları var, nəinki ölkəmizin. Bu, qarşılıqlı maraqlar çərçivəsində olan bir münasibətdir. AŞPA-da bu barədə düşünməlidirlər; Ermənistana, onun ərköyünlüyünə görə, Azərbaycanı, Türkiyəni və bu kimi strateji ölkələri itirmək düzgün deyil. Mən belə düşünürəm. Azərbaycanın atdığı addım da doğru addımdır. Mən bu addımı dəstəkləyirəm. Heç kim bizə şərt qoşa, ölkəmizə yer göstərə bilməz. "Siyasi məhbuslar", "bizi seçkiyə dəvət etməyiblər" kimi bəhanələr lazım deyil. Onların məlum bəyanatında əsas strateji cümlə odur ki, guya Azərbacan erməniləri Qarabağdan zor gücünə qovub. Onların ikiüzlülüyü, mövqesizliyi buradan bilinir. Azərbaycan torpaqları 30 ilə yaxın müddətdə işğal altında qaldı. Amma Ermənistana bu müddət ərzində bir kəlmə də söz deyilmədi. Amma indi Cozef Borrel deyir ki, Azərbaycanın Ermənistana ərazi iddiaları var və biz bundan narahatıq. Bəs niyə 30 il işğal altında qalan torpaqlara görə narahat olmurdunuz?! Yenə deyirəm, düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin atdığı addım doğrudur. Milli maraqlarımıza qarşı çıxacaq belə basqılara elə bu cür cavab vermək lazımdır. Bu məsələni Azərbaycanın milli maraqlarına basqılar kimi qiymətləndirirəm".
Tural Turan