“Avropa Şurası Parlament Asambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin bu qurumdakı etimadnaməsini ratifikasiyadan imtina edib. Guya, Azərbaycan AŞPA qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmir və təşkilatla əməkdaşlıq xəttinə sadiq deyil. Əslində isə AŞPA-nın Azərbaycana qarşı təhdid və təzyiqlə danışmağının başqa səbəbi var.”.Bu fikirləri
Rednews.az-a açıqlamasında
Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O qeyd edib ki, AŞPA Azərbaycanla bağlı əsassız iddialar ortaya atıb:
“Azərbaycanın 19-20 sentyabrda apardığı lokal antiterror əməliyyatları sayəsində dövlətin suverenliyi tam və qəti olaraq təmin edildi. Görünür, bu reallıq bir çox avropalı parlamentarilərin yuxusuna haram qatıb və onlar Azərbaycana qarşı sinxron şəkildə təzyiq dilini işə salıblar. Bilirsiniz ki, bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib".
Millət vəkilinin sözlərinə görə, mövqeyimiz budur ki, Azərbaycan torpaqlarını 30 il ərzində işğalda saxlayan Ermənistana münasibətdə təzyiq metodları işə salınmalıdır:"Biz bunu dilə gətirəndə avropalı deputatlar deyirdilər ki, AŞPA belə məsələlər üçün münasib platforma deyil, bununla ATƏT məşğuldur. İndi isə AŞPA əsl simasını ortaya qoydu. Bütün baş verənlər birbaşa ikili standartların, milli və etnik zəmində nifrətin ifadəsidir. Azərbaycan dövləti heç bir halda özünə münasibətdə bu davranışı qəbul etmir. Təsadüfi deyil ki, bu addımlar Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində atılır. Görünür, AŞPA Azərbaycandakı demokratik seçki prosesinə təzyiq göstərmək istəyir, ölkəmizin daxili işlərinə qarışmaqdan çəkinmir”.
Tural Turan