"Əgər Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan birdəfəlik uzaqlaşmağa cəhd edərsə, bu istiqamətdə daha radikal qərarlar alarsa, o zaman Kreml onu siyasi arxivə göndərmək üçün hərəkətə keçəcək. Hətta radikal qərarlar fonunda Rusiyadakı müəyyən dairələr Nikol Vovayeviçi fiziki olaraq məhv edə bilərlər".
Bunu
Rednews.az-a açıqlamasında Milli Məclisin keçmiş deputatı, politoloq
Sona Əliyeva deyib.
Politoloqun fikrincə, Ermənistan rəhbərliyi regionda baş verən hadisələri düzgün qiymətləndirməkdə acizdir:
"Bəllidir ki, Nikol Paşinyanı hakimiyyətə Qərb, daha doğrusu, Soros Fondu gətirib. Amma Ermənistan radikal qərarlar alaraq onu yaradan dövlətdən, Rusiyadan uzaqlaşarsa, o zaman Ermənistan adlı dövlət də olmayacaq. İrəvan Qərbin Kiyevi necə təkbaşına qoyduğunu anlamalıdır. Ukrayna kimi bir dövlət hazırda Qərblə Rusiya arasında plasdarma çevrilib. Fikrimcə, gedişat bu cür davam edərsə, Ermənistanı da həmin aqibət gözləyir. Hətta Ukraynadan fərqli olaraq Ermənistan öz ağaları tərəfindən yer üzündən silinə bilər. Ona görə də İrəvan ilk növbədə öz qonşuları ilə münasibətlərinə yenidən baxmalı, həmin əlaqələri yenidən korrektə etməlidir".
Tural Turan